Müasir dövrdə dəfn mərasimlərində musiqi, alqış və səsli çıxışlar kimi yeniliklərin artması cəmiyyətdə müzakirələrə səbəb olur.
NOCOMMENT.az xəbər verir ki, bu cür mərasimlərin İslam baxımından necə dəyərləndirildiyi ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, əsas məsələ dəfnin dinin vacib tələblərinə uyğun icra olunmasıdır.
“Dəfn mərasimi əslində İslam qaydalarına uyğun olmalıdır. Lakin zamanla bəzi xurafatçı və savadsız ruhanilər yas mərasimlərini təhrif edərək maddi gəlir mənbəyinə çeviriblər. Bu səbəbdən bir çox ziyalı və mədəniyyət adamı mollaların formalaşdırdığı ənənəvi yas formasından uzaqlaşmağa çalışır”.
Tural İrfan xatırladıb ki, Mirzə Fətəli Axundov da bu cür ruhanilərə etiraz edərək vəsiyyət etmişdi ki, ölümündən sonra onları tabutu üzərində buraxmasınlar.
İlahiyyatçı hesab edir ki, bu gün İslama uyğun olmayan dəfn formalarının yaranmasında əsas günahkar saxta ruhanilər və riyakar din xadimləridir.
“İnsanlar öz dilində dua eşitmək istəyir. Savadsız adamı aldatmaq olar, amma ziyalını yox. Ziyalı bilmək istəyir ki, molla onun ölüsünün başında nə deyir”, – deyə o, vurğulayıb.
İlahiyyatçının sözlərinə görə, məhz bu səbəbdən bir sıra elm, mədəniyyət və incəsənət adamları sazla, musiqi ilə dəfn olunmağı vəsiyyət edir. Onun fikrincə, cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, musiqiçilər insanları birləşdirir, nifaq salmır, insanların sevincli günlərində iştirak edir. Bu da musiqi və alqışla keçirilən dəfn mərasimlərinə münasibəti dəyişir.
Tural İrfan qeyd edib ki, ölüm məhv olmaq deyil, sadəcə dünyanı dəyişməkdir və xüsusilə ziyalı insanların dəfnində mərhumun xatirəsinə çıxışlar, alqışlar ola bilər. Lakin bunun da bir həddi var.
“İslam dininin dəfnlə bağlı vacib tələbləri – qüsl, kəfən, cənazə namazı və qibləyə dəfn mütləq yerinə yetirilməlidir. Bu şərtlər icra edildikdən sonra mərhumu yad etmək məqsədilə müəyyən vasitələrdən istifadə oluna bilər. Amma bu hallar ənənəvi şəkil almamalı və hədd aşılmamalıdır”, – deyə ilahiyyatçı bildirib.
Onun sözlərinə görə, musiqi və saz ifası əsasən mərhumun vəsiyyətinə uyğun olaraq həyata keçirilir. İslamda günah olmayan vəsiyyətin yerinə yetirilməsi vacib sayılır. Əsas məqsəd isə dəfn zamanı günaha yol verilməməsi və dinin mahiyyətinin qorunmasıdır.














