Avstraliya Sərhəd Xidməti ölkə tarixində ən böyük amfetamin müsadirəsini həyata keçirib. Xüsusi əməliyyat zamanı təxminən 900 kiloqram psixoaktiv maddə aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Təhlükəli yükün dəyəri təqribən 64 milyon avstraliya dolları (təxminən 41,8 milyon ABŞ dolları) qiymətləndirilir. Narkotiklər “spring-roll” adı ilə qablaşdırılaraq konteynerdə gizlədilmişdi. Yük Yeni Cənubi Uels ştatının limanında saxlanılıb. Hazırda Avstraliya polisi araşdırma aparır. İlkin məlumata görə, amfetaminləri ölkəyə beynəlxalq cinayətkar qrup gətirməyə cəhd edib.
Bu, Avstraliyada narkotiklərin kütləvi müsadirəsi ilə bağlı ilk hal deyil. Belə ki, ötən il materikə dəniz yolu ilə 2 tondan artıq kokain gətirilməsinə cəhd olunmuşdu. Polis bu işdə 11 kişi və iki yeniyetmənin müxtəlif ölkələrdən olan cinayətkar şəbəkəyə bağlı olduğunu müəyyənləşdirmişdi. Onlar saxlanılaraq məhkəməyə verilib. Avstraliya qanunvericiliyinə görə, həmin şəxsləri ömürlük həbs cəzası gözləyir. O zaman müsadirə olunan narkotiklərin dəyəri 760 milyon avstraliya dolları (təxminən 494 milyon ABŞ dolları) təşkil etmişdi.