Hazırda havaların soyuq keçməsi virus infeksiyalarının artmasına və yayılmasına səbəb olur.
Özünəməxsus xüsusiyyətləri olan hər bir infeksiya isə orqanizmdə kəskin və ya xroniki xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Bu isə risk qrupuna daxil olan – hamilələr və əlavə xəstəlikləri olan şəxslər üçün olduqca təhlükəlidir.
NOCOMMENT.az xəbər verir ki, “Yeni klinika” tibb müəssisəsinin həkim-infeksionisti İbrahim Rufullayev payız-qış mövsümü ilə əlaqədər olaraq artan, xüsusən məktəb və bağçalarda uşaqlar arasında yayılan infeksion xəstəliklər haqqında məlumat verib.
İbrahim Rufullayev günümüzdə yuxarı tənəffüs yolları infeksiyalarının həm böyüklər, həm də kiçiklər arasında geniş yayıldığını qeyd edərək müraciət edənlər arasında Covid-19 və adenovirus xəstələrinin olduğunu qeyd edib.
Həkim xəstəxanaya daha çox uzunmüddətli, narahatedici öskürək, boğazda qızartı, temperatur, bədəndə ağrı, üşütmə, halsızlıq kimi şikayətlər ilə müraciət edənlərin tənəffüs yolları infeksiyalarından əziyyət çəkdiyini bildirib.
Antibiotik qəbul edib, ağırlaşdıqdan sonra həkimə müraciət edən xəstələrin çox olduğunu qeyd edən infeksionist həkim məsləhəti olmadan antibiotik istifadəsinin düzgün olmadığını xüsusi vurğuladı:
“Antibiotiklər əsasən doğru zamanda, müəyyən olunan dozada istifadə olunur. Əks halda antibiotikin səbəb olduğu fəsadlarla qarşılaşmaq mümkündür.”
Heç bir antibiotikin virusu öldürmədiyini qeyd edən Dr. İ.Rufullayev virusla mübarizə aparmaq üçün bol maye qəbul etməyin, soyuqdan qorunmağın və sağlam qidalanmanın vacib olduğunu söyləyib.
Həkim antibiotikin özbaşına istifadəsinin zərərli olduğunu bildirərək dünyada, eləcə də ölkəmizdə infeksionistlərin bununla mübarizə apardığını bildirdi.
Sonda həkim əl gigiyenasının infeksion xəstəliklərin qarşısını almaq üçün ən təsiredici metod olduğunu bildirərək əl yuma qaydalarını düzgün yerinə yetirməyi məsləhət gördü.