Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçi səfər edəcək. Həmçinin COP29 Sədrliyindən “Reuters” agentliyinə verilən məlumata görə, tədbirdə 100-dən çox liderin iştirakı gözlənilir. Məlumata görə, tədbirdə 61 prezident, 38 Baş nazir və 2 vəliəhd iştirak edəcək. Ermənistanın isə bu tədbirə qatılıb-qatılmayacağı hələ bəlli deyil.
Bu baxımdan maraqlıdır, Ermənistan tədbirin keçiriləcəyi ərəfədə hər hansı bir təxribat törədə bilərmi?
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, COP29 böyük bir tədbirdir və burada təhlükəsizlik sisteminin gücləndirilməsi əsas prioritetlərdən biridir:
“Bu məsələyə şübhəsiz ki, ölkəmizin təhlükəsizlik strukturları, hüquq mühafizə orqanları ciddi yanaşırlar. Tədbirin keçiriləcəyi salonlarda, zallarda, eləcə də iştirakçıların yerləşdiyi otellərdə təhlükəsizlik ən üst səviyyədə təmin olunacaq. Eyni zamanda Ermənistan dövləti və onun arxasında duran revanşist qüvvələr, bölgədə sülhü istəməyən güc mərkəzləri bu tədbir çərçivəsində hər hansısa təxribatlar törədə bilərlər”.
Politoloq İrəvanın terror sahəsində bir sıra çirkin əməllər törətdiyini vurğulayıb:
“Həm türk diplomatların qətli, həm Birinci Qarabağ müharibəsi və onun gedişində, eləcə də Vətən müharibəsində qanlı terror fəaliyyətləri icra olunub. Dinc, günahsız insanlar qətlə yetirilib. Ona görə də istənilən halda, ölkəmizdə hər bir mühüm tədbir zamanı təhlükəsizlik sahəsinə xüsusi maraq və diqqət olur. Bu baxımdan, COP29 çərçivəsində də çirkin, məkrli fəaliyyəti icra edən qüvvələrin məqsədlərinə çatmaması üçün xüsusi diqqətli olmaq əsas istəkdir”.