Ondan sonra Qarabağa gedən İran TIR-ların sayı sıfıra düşdü – Prezidentbackend

Ondan sonra Qarabağa gedən İran TIR-ların sayı sıfıra düşdü – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib.

NOCOMMENT.az xəbər verir ki, jurnalist İ.Əliyevə İran yük maşınlarının Ermənistana, Xankəndiyə getməsi ilə bağlı görüntülərin ortaya çıxmasına və bu ölkənin Azərbaycan sərhədində təlim keçməsinə dair də sual verilib. Prezident deyib: “Bilirsiniz İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir”.

Dövlət başçısı sonra da deyib: “Bu barədə bizim məlumatımız vardı, ancaq, əlbəttə, indiki kimi dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narazılığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Müharibə başa çatdıqdan sonra, artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola qədər məsafə bəlkə də 5-6 metrdir”.

Prezidentin əlavə etməsinə görə, Laçın dəhlizi boyunca, Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki vasitələrə malikdirlər, kameralar var: “Peyk, pilotsuz uçuş aparatlarından istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostca danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır. Səhv etmirəmsə, bu söhbət iyul ayında olmuşdu”.

İ.Əliyevin sözlərinə görə, ondan sonra bunu izləməyə başlayıblar: “Hər ayın başında bizdə məlumatlar toplanırdı ki, neçə TIR gəldi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bizim bilgilərimiz var, bunlar mətbuatda dərc edilib. Ancaq sonra nə etdilər? İran TIR-larının üzərinə Ermənistan nömrələri vurmağa çalışdılar, belə saxtakarlığa əl atdılar. Bizi aldatmağa çalışdılar. Elə səriştəsiz addım atıldı ki, … Maşının üzərində farsca yazılan çən, aşağıda isə erməni nömrələri”.

Prezident İlham Əliyev qeyd edib ki, belə olan halda bir ay keçdikdən sonra Azərbaycan artıq rəsmi formada diplomatik nota verib: “İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi. Ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqustun ortasında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Amma buna baxmayaraq, 11 avqust – 11 sentyabr aralığında 60 İran TIR-ı qanunsuz olaraq Qarabağa hərəkət edib”.

Prezident deyib ki, bunun qarşısını almaq üçün artıq praktik addımlara keçilib: “Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar. Gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü”.

Prezident sonda da deyib: “Bəziləri deyirlər ki, İran TIR-larından rüsum götürülür. Biz indi xarici ölkəyə gedəndə rüsum ödəyirikmi? Ödəyirik. Onlar da Azərbaycan ərazisindən istifadə edirlərsə, rüsum ödəməlidirlər”.