Azərbaycan onlayn xəritələrdə Qarabağ üzrə təhrif edilmiş 100-dən çox coğrafi adının dəyişdirilməsinə nail olub.
NOCOMMENT xəbər verir ki, bunu apa-ya açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
O bildirib ki, xüsusilə Qarabağ ərazisi üzrə coğrafi adları qəsdən təhrif edilib: “Onlayn xəritələrdə səhv adlar gedib. “Google”, “Yandex” kimi şirkətlər bu kimi səhv məlumatları yayıblar. Bu problemin səbəbi texniki xarakter daşıyır. Onlayn xəritələr çox zaman həmin ərazidə yaşayan, məskunlaşmış insanlar tərəfindən müəyyən müraciətlər alırlar. 30 ilə yaxın müddət ərzində işğal edilmiş torpaqlarda yaşayan ermənilər bu fürsətdən istifadə ediblər. Onlar xəritə sahiblərinə bu coğrafi məkanda adların səhv olduğu və guya erməni mənşəli adların düz olduğu barədə məlumatlar göndəriblər.
Torpaqlar işğaldan azad ediləndən sonra da, elə əvvəllər də Azərbaycan hökuməti bu təhriflərə qarşı fəaliyyət göstərib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində Elektron Təhlükəsizlik Xidməti ötən dövr ərzində “Google” və digər şirkətlərə rəsmi məktublar göndərib. Bir il ərzində 15 belə rəsmi məktub gedib. O məktubların içərisində təhrif olunan və düzgün coğrafi adlar qeyd olunub. Həmin məktubların sayəsində 100-dən çox coğrafi ad düzəldilib. Bu istiqamətdə fəaliyyətimiz davam edir”.