Orqan satışı ilə bağlı yerləşdirilən elanlar araşdırılır – DİN-dən AÇIQLAMAbackend

Orqan satışı ilə bağlı yerləşdirilən elanlar araşdırılır – DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin ötən iclasında vətəndaşların böyrəklərini, qaraciyərini satması barədə elanlardan danışıb.

NOCOMMENT.az xəbər verir ki, deputat bildirib ki, hətta avtobus dayancaqlarında da bu elanlar var:

“Bu məsələdə bir neçə yanaşma ola bilər. Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikinci isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu sevindiricidir. Amma, bu elanlara laqeyd yanaşmaq olmaz”.

Bəs, vətəndaşların orqan satması qanunidirmi? Belə bir elanlarla bağlı polis tərəfindən hansı addımlar atılır?

Məsələ ilə bağlı Redaktor.az Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətindən bildirildi ki, sosial şəbəkələrdə və ya ayrı-ayrı şəxslər tərəfindən orqan satışı ilə bağlı yerləşdirilən elanlar DİN tərəfindən araşdırılır:

“Bunun qarşısını almaq məqsədilə şəxslər müəyyən edilir və haldan asılı olaraq barələrində qanuna müvafiq tədbirlər görülür. Qeyd edək ki, pul müqabilində orqan satışı könüllü olsa belə, qadağandır və bu əməllə məşğul olan şəxslər barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılır”.