“Qaltsyanın söylədikləri ağ yalandır. Ermənilərin arqumentləri çatmayanda yaxud da dedikləri gülüş doğuranda onlar yalana keçirlər”.
Bunu NOCOMMENT.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, bu gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan əraziyə humanitar yardım göndərən Azərbaycandır. “Rusiya Qırmızı Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırma əsasında humanitar yükü göndərib. Yəni o məsələ Azərbaycanla razılaşdırılıb. Bərdə şəhərinə gəlsələr də Ermənilər həmin yükün Qarabağ zonasına keçməsinə imkan vermirlər. Çünki ortada aclıq, humanitar böhran, ermənilərin dediyi kimi blokada söhbəti yoxdur. Onların istədikləri Laçın sərhəd keçid məntəqəsinin götürülməsi və Azərbaycanın Qarabağ zonasına Azərbaycanın mərkəzi hakimiyyətinin nəzarəti olmadan giriş-çıxışın ermənilərin nəzarətinə verilməsidir. Bu isə mümkün olan məsələ deyil. Dünyanın heç bir ölkəsində sərhədin bir hissəsi ölkəyə daxil olmaq üçün nəzarətsiz saxlanmır”.
A. Mirzəzadənin sözlərinə görə orada yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycan ərazisinə ancaq Azərbaycan qanunlarına əsasən daxil olub çıxmaq olar. “O cümlədən əgər onlar ərzaq qıtlığı çəkirlərsə Azərbaycan tərəfdən istədikləri qədər ərzaq ala yaxud da digər problemlərini həll edə bilərlər. Onların bu gün atdığı addımlar siyasi oyundur, bir teatr tamaşasıdır. Məqsədləri Azərbaycanın suverenliyini kölgə altında qoymaqdır. Azərbaycan isə buna heç zaman getməyəcək”.