Oruc və müalicə arasında seçim: Hansı tibbi prosedurlar orucu pozur?backend

Oruc və müalicə arasında seçim: Hansı tibbi prosedurlar orucu pozur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayı yaxınlaşdıqca oruc tutan şəxsləri maraqlandıran əsas suallardan biri də tibbi prosedurların orucu pozub-pozmadığı ilə bağlıdır. Xüsusilə müayinə və müalicə ehtiyacı yaranan insanlar hansı hallarda orucun batil sayıldığını, hansı hallarda isə ibadətin davam etdirilə biləcəyini dəqiqləşdirməyə çalışırlar.

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan NOCOMMENT.az-a açıqlama verərək, İslam hüququ baxımından tibbi müdaxilələrin necə qiymətləndirildiyini izah edib.

Ramazan ayında oruc tutan şəxsləri ən çox maraqlandıran məsələlərdən biri də tibbi prosedurların orucu pozub-pozmadığıdır. Bu xüsusda ilahiyyatçı Tural İrfan bildirir ki, İslam hüququnda orucun pozulması əsasən qida, maye və ya qidalandırıcı maddələrin bilavasitə bədənə daxil olması ilə bağlıdır və tibbi müdaxilələr bu meyar əsasında qiymətləndirilməlidir: “Qan analizi vermək, qan təzyiqinin ölçülməsi, boğazın yoxlanılması, rentgen, ultrasəs, tomoqrafiya kimi müayinələr orucu pozmur. Çünki bu prosedurlar zamanı bədənə qida və ya enerji verən maddə daxil olmur. Eyni zamanda, diş müayinəsi, ağız boşluğunun yoxlanılması da ehtiyatlı davranıldığı halda orucu pozan hal sayılmır. Lakin bu zaman suyun və ya dərmanın udulmamasına diqqət etmək vacibdir. Mədədə problem olan şəxslər üçün tətbiq edilən zond udulması məsələsinə gəldikdə isə, bu prosedur zamanı boru vasitəsilə mədəyə maye və ya maddə daxil olarsa, oruc pozulmuş sayılır. Əgər yalnız diaqnostik məqsədlə zond daxil edilir və heç bir qida və ya dərman ötürülmürsə, bəzi alimlər bunu məkruh, bəziləri isə ehtiyat səbəbilə orucu pozan hal kimi qiymətləndirirlər. Bu səbəbdən, imkan daxilində belə müayinələrin iftardan sonraya saxlanılması tövsiyə olunur”.

İynə və sistem məsələsinə toxunan ekspert qeyd edib ki, müalicə məqsədilə vurulan, qidalandırıcı xüsusiyyəti olmayan iynələr, məsələn, ağrıkəsici, antibiotik və ya vitamin iynələri orucu pozmur. Lakin bədəni qidalandıran, enerji verən serumlar, qlükoza və vitamin kompleksləri isə orucu pozan vasitələr hesab olunur. Çünki bunlar faktiki olaraq yemək və içmək funksiyasını yerinə yetirir: “Dərmanların tərkibində spirt olması məsələsi də tez-tez müzakirə olunur. Dərman xaricdən bədənə çəkilirsə, məsələn, maz, krem, sprey və ya dərialtı vasitə kimi istifadə olunursa, bu orucu pozmur. Çünki maddə birbaşa mədəyə və həzm sisteminə daxil olmur. Lakin ağız yolu ilə qəbul edilən, tərkibində spirt olan dərmanlar orucu pozur. Əgər belə dərman həyati əhəmiyyət daşıyırsa və alternativi yoxdursa, həmin şəxs orucu sonradan qəza edə bilər. Burun və qulaq damcıları ilə bağlı da oxşar yanaşma mövcuddur. Burun vasitəsilə istifadə edilən dərmanların boğaza və mədəyə keçmə ehtimalı olduğu üçün ehtiyatlı olmaq lazımdır. Əgər damcı mədəyə çatarsa, oruc pozulmuş sayılır. Qulaq damcıları isə pərdə sağlamdırsa, adətən orucu pozmur. Həkim müayinəsi zamanı ağız boşluğuna sprey vurulması, boğazın dezinfeksiyası kimi prosedurlar da risklidir. Əgər maddə udularsa, oruc pozulur. Buna görə də belə müalicələr mümkün olduqda iftardan sonraya saxlanmalıdır”.

İlahiyyatçı vurğulayır ki, İslamda sağlamlıq əsas dəyərlərdən biridir və ağır xəstəlik zamanı insanın özünə zərər verməsi caiz deyil. Əgər tibbi müdaxilə təxirə salına bilmirsə və insanın sağlamlığı təhlükə altındadırsa, o halda orucu açmaq günah sayılmır. Belə hallarda sonradan qəza orucu tutulur.

Sara