Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
NOCOMMENT.az müsahibəni təqdim edir:
– Özəl pensiya fondlarının yaradılmasının əlavə hansı üstünlükləri olacaq? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırladığını açıqlayıb. Gözləntilər nədən ibarətdir?
– Hazırda özəl pensiya fondlarının formalaşması istiqamətində işlər davam edir. Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olduqdan sonra burada incəlikləri araşdırıb detalları haqqında ətraflı danışmaq olar. Ümumilikdə isə konsepsiyanın yaranması müsbət addımdır. Özəl pensiya fondunun yaranması könüllü sosial sığortanın inkişafına təkan verəcək. Vətəndaşlara alternativ pensiya xidməti göstərilməsi üçün şərait yaradacaq.
– İcbari sosial sığorta sistemində dəyişikliyin edilməsi ehtimalı varmı?
– Burada hər hansı bir dəyişiklik olmayacaq. Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödənilməyəcək anlayışı yanlışdır. Bu olmayacaq. Bu sistem könüllü şəkildə fəaliyyət göstərəcək. İcbari tibbi sığorta və könüllü tibbi sığorta olduğu kimi bu sistem də eyni analogiya ilə işləyəcək. Könüllü şəkildə kimin əlavə vəsaiti, arzusu varsa, müqavilə bağlayıb həmin özəl fondlara öz pulunu yerləşdirə biləcək.
– Burada əlavə imkanlar nədən ibarətdir?
– Bağlanacaq müqavilə şərtlərinə uyğun olaraq şəxs pensiyaya çıxdıqda yığdığı və yaxud qoyduğu kapitalın hamısını birdəfəlik götürə biləcək. Və yaxud həmin kapital həmin şəxsin ailə üzvlərinə verilə bilər. Eyni zamanda özəl pensiya fonduna yığılan vəsait hər hansı bir biznesə yatırılırsa, buradan gələn gəlirlər onun yığımının üzərinə əlavə olunacaq. Beləliklə, bu sistemdə yeni alternativlər yaranacaq. Dünyada bu praktika mövcuddur.
– Məcburi sosial sığortadan imtina ilə bağlı fikirlər səslənir. Bununla bağlı presedentlər varmı?
– Özəl pensiya fondları, özəl sosial sığorta prinsipləri işləyən ölkələrin heç birində məcburi sosial sığortadan imtina edilməyib. Sığorta haqqlarının rəqəmlərində müəyyən fərqlər ola bilər. Amma məcburi sosial sığorta dövlətin vətəndaş qarşısında pensiya öhdəliyi deməkdir. Ona görə də, bu təminatdan əl çəkmək, həmin sistemi tamamilə çökdürmək, dağıtmaq deməkdir.
– Zaman etibarı ilə özəl pensiya fondlarının dövlətin mövcud sistemini əvəzləməsi mümkündürmü?
– Özəl pensiya fondlarının yaradılması müsbət addımdır. Vətəndaşa alternativ pensiya xidməti göstərmək üçün yeni bir yoldur. Amma bu sistem dövlətin icbari pensiya fondunu əvəz etməyəcək.
– Pensiya yaşı ilə bağlı əsas anlayışlar necə olacaq? Özəl fonda bəlli bir səviyyədə vəsait toplayan şəxsin daha tez pensiya almaq imkanı olacaqmı?
– Bu mümkün olan bir yanaşmadır. Özəl pensiya fondları haqqında qanun müzakirə edilib qəbul olunduqdan sonra bu anlayışlar ola bilər. Belə olan halda vətəndaş ikili pensiya almaq imkanı qazanır. Məsələn, vətəndaş bir yaşdan sonra özəl pensiya fondunun təqaüdünü ala bilirsə, müəyyənləşmiş vaxtdan sonra isə DSMF-nin ayırdığı məvacibi əldə etmək imkanı əldə edəcək. Sözsüz ki, bütün bunlar imzalanacaq müqavilədən, müəyyən olunmuş şərtlərdən asılıdır.