Bəzi yollarda avtobus zolaqları olsa da, müvafiq nəqliyyat vasitələri bundan istifadə etmir, hətta bəzən qəza şəraitinin yaranmasına səbəb olurlar. Maraqlıdır ki, avtobus yoluna girən avtomobil sürücüləri cərimələnir, amma əksi baş verərsə, bu, normal hesab edilir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələri həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir, bu xəta 2 balla qiymətləndirilir. Çox zaman özünü “yolların sahibi” kimi aparan avtobuslara isə bu tətbiq edilmir.
Bu məsələlər necə tənzimlənməlidir? Avtobus üçün nəzərdə tutulmuş zolaqdan istifadə etməyib başqasına keçən sürücülər də cərimələnməlidirmi?
NOCOMMENT.az xəbər verir ki, bununla əlaqəli Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekpert Aslan Əsədov deyib ki, avtobuslar özlərini “yolların ağası” kimi aparırlar:
“Onlar müəyyən dərəcədə yol hərəkəti qaydalarına riayət etmirlər. Bu isə avtobus xətlərinin yaranması fonunda baş verir. Əslində bu o demək deyil ki, onlar yol qaydalarını poza, müəyyən qaydalardan kənar insanları mənzil başına çatdıra bilərlər. Yol hərəkəti qaydalarına əməl etmək hər bir şəxsin vətəndaşlıq borcudur”.
Ekspert bildirdi ki, digər sürücülər necə cərimələnirsə, avtobus zolaqlarından istifadədən imtina edənləri də eyni aqibət gözləməlidir:
“Yəni öz zolağı ilə getməyən avtobus sürücüləri və ya onları buna vadar edən sahibkarlar da cərimələnməlidirlər. Ən azı bu, qəza riskidir. Ona görə də qanun pozuntusuna yol verən şəxs cəzalanmalıdır”.
Millət vəkili Fazil Mustafa isə bildirdi ki, bu məsələdə avtobusları da qınamaq olmaz:
“Onlar vətəndaşları daşıyırlar və bu vətəndaşın da vaxtında işə, yaxud təyin olunan yerə çatmaq kimi müəyyən sıxıntıları var. Bu isə vətəndaş üçün də narahatlıq yaradan məsələlərdir. Yolda ləngimək xeyli problem yaradır, avtomobildə hansısa yolu seçib gedə bilirsən, amma avtobuslar ancaq maşurut üzrə hara hərəkət edəcəyinə tabedir. Gecikmə yaxud tez getmək sənin əlində deyil. Ona görə, avtobuslar da bir çox hallarda tələsirlər. Yoxsa kimsə niyə, qəsdən avtobusu hansısa formada vətəndaşın ziyanına və ya onun üçün təhlükə yarada biləcək səviyyədə istifadə etməlidir? Yol insfrastrukturuna baxılmalıdır, bunu təkmilləşdirmək lazımdır. Tıxac məsələsini həll edə bilmirik, amma bunu mütləq qaydasına salmalıyıq. Avtobuslar, piyadalar, digər nəqliyyat vasitələri üçün ayrıca yol olmalıdır, amma nəyin hesabına? Bunlar müəyyən dərəcədə dar yolların hesabına ola bilməz”.
Fazil Mustafa qeyd etdi ki, bu məsələdə daha fərqli yol izlənməlidir:
“Bu kimi məsələlərdə çalışmalıyıq ki, prosesi öz anladığımız şəkildə izah edək, təkliflər verək. Bakının Baş planına uyğun yolların müəyyən dərəcədə istismara yararlı olması, geniş şəkildə müəyyənləşməsi vacibdir. Çünki yol infrastrukturu qaydaya salınmadığı müddətcə, tıxac problemi də həll olunmamış qalacaq və bu da hamımızı narahat edəcək”.