Paralimpiya çempionunun atası – Şahanəyə dedim ki, şəhidlərimizin şərəfinə hərbi salam verərsənbackend

Paralimpiya çempionunun atası – Şahanəyə dedim ki, şəhidlərimizin şərəfinə hərbi salam verərsən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırdı. 48 kq çəki dərəcəsində çıxış edən idmançımız fransalı Sandrin Martine ilə üz-üzə gəlib və qalibiyyət əldə edib. Qeyd edək ki, Şahanə Hacıyeva məcburi köçkündür, əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir.

NOCOMMENT.az-ın məlumatına görə, qızıl medalçımızın atası İbadət Hacıyev Yenisabah.az-a açıqlamasında qızı ilə fəxr etdiyini bildirib:

“Oyun bitdikdən dərhal sonra Şahanə ilə əlaqə saxladıq. Bütün ailəmiz, qohum-qardaş evdə oturub onu gözləyirk. Çox qürurluyam.

Qızım yarışa gedən zaman dedim ki, İnşallah, qalib olacaqsan, çünki sən buna layiqsən. O, dəfələrlə bizim bayrağımızı ucaldıb. Avropa çempionu, dünya çempionu olub.

Qızıma dedim ki, qalib olsan bizim şəhidlərimizin, qazilərimizin şərəfinə hərbi salam verərsən. O da “Baş üstə” dedi. Və bu gün sözünü tutdu. Mənim 50 yaşım var, dünyada ikinci dəfə arzuma çatdım. Ən böyük arzum Qrabağın, Cəbrayılın, doğma Soltanlı kəndinin işğaldan azad olunduğunu görmək idi. Şükür, bu arzum gözümdə qalmadı. Qızımın Olimpiya çempionu olmasını da çox arzulayırdım. Allah bu arzuma da çatdırdı”.

İbadət Hacıyev deyib ki, onlar hazırda Sumqayıt şəhərində yaşayırlar: “Mən özüm yüngül atletika ilə məşğul olmuşam. Şahanə 9 yaşından cüdo ilə məşğuldur, 12 ildir bu idman sahəsindədir. Avqustun 29-u Vətənə dönəcəklər. İnşallah, onun növbəti uğurlarını gözləyirik”.