Partiyadaşlarının səsini ala bilməyən Ağamalının qızı seçicilərinin səsini necə qazanıb?backend

Partiyadaşlarının səsini ala bilməyən Ağamalının qızı seçicilərinin səsini necə qazanıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqilliyin bərpasının ölkəmizə gətirdiyi müsbət dəyişikliklərdən biri də çoxpartiyalı sistemin yenidən təşəkkül tapmasıdır. “Siyasi partiyalar haqqında” qanuna əsasən, müəyyən hallar istisna olmaqla, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir.

Hazırda rəsmi dövlət qeydiyyatından keçmiş 26 siyasi partiya ölkədə fəaliyyət göstərir. Onların 11-i parlamentdə təmsil olunur.

Amma 1990-cı illərdə Fəzail Ağamalının rəhbərliyi ilə təsis olunmuş “Ana Vətən” partiyasının 25 oktyabr 2025-ci il tarixli qurultayında yaranmış ağlamalı durumu gördükdə, hər kəsin belə hüquqa malik olması, Tramp demişkən, adamı çox məyus edir.

Bir tərəfdən, partiya üzvlərinin istefaya getmək istəyən sədrin irəli sürdüyü namizədə səs vermək istəməməsi təqdirəlayiq haldır. Heç olmasa, “ana vətənçilər” özünü baş demokratlardan sayan İsa Qəmbərin “Putin-Medvedev” sayağı oyunu ilə rəzil duruma saldığı Musavatdan fərqlənə biliblər.

Xatirinizdədirsə, İsa Qəmbərin başqan vəzifəsinə Arif Hacılını “təyin etməsi” həmin siyasi təşkilatın parçalanmasına, uzun illərin müsavatçılarının bu təşkilatdan uzaqlaşmasına gətirib çıxarmışdı. Doğrudur, Medvedevlə müqayisədə Arif Haçılının bəxti daha çox gətirdi. Medvedevin “çarlığı” cəmi 4 il çəkdi, amma Arif Haçılı düz 10 il (28 sentyabr 2014 – 4 may 2024) müsavatçılara başqanlıq etmək şərəfinə nail oldu. Amma sonunda yenə də kürsünü İsa Qəmbərə təhvil verməli oldu. “Wikipediya”da Arif Hacılının bioqrafiyasına baxanda onun başqanlığı ilə bağlı hissədə “əvvəlki İsa Qəmbər, sonrakı İsa Qəmbər” məlumatı lap “dodaq qaçırdır”. Bu amil hər iki şəxsin demokratik dəyərlərdən nə qədər uzaq olduğundan, öz partiyalarında diktatura qurmaq meyllərindən xəbər verir.

Amma “ana vətənçilər” də çox uzağa gedə bilməyiblər. Məgər bu partiyanın sıralarında ata-bacı-oğul Ağamalılardan başqa lider yoxdurmu? Sədr vəzifəsinə mütləq və mütləq Ağamalı soyadını daşıyan şəxs gətirilməlidirmi?

Qısası, 1988-ci illərdən milli azadlıq mübarizəsi naminə Bakıya köçmüş, ölkənin sosial təminat nazirinin müavini (1992–1993), əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994) vəzifələrini daşımış, Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olmuş, tarix elmləri doktoru, professor Fəzail Ağamalının övlad seçiminə yanaşması həm gülməli, həm də ağlamalıdır.

Doğrudur, ata Ağamalının ictimai-siyasi yolu elə də rəvan olmayıb. Məsələn, 13 il öncə jurnalist Zamin Hacı onun haqqında belə açıqlama vermişdi: “Bir faktı deyim. Fəzail Ağamalı hökumətin adamı idi, nazir müavini idi. Çünki Elçibəyin kadrı olmasına baxmayaraq, Heydər Əliyev gələndən sonra da vəzifədə qalıb işləyirdi. Biz onun qəzetində Surət Hüseynov haqqında material vermişdik. Surət Hüseynov o vaxt baş nazir idi. Biz qəzetdə “Surət Hüseynov dövlətçiliyə xəyanət edib” başlıqlı yazı verdik. Onun üstündə Surət Hüseynov Fəzail Ağamalını döymüşdü” (Qafqazinfo, 25 noyabr 2012-ci il).

“Wikipedia”da isə Fəzail Ağamalının həmin illəri əhatə edən bioqrafiyasında belə yazılıb: “1992–1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqustunda dövrün baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, əmək və əhalinin sosial müdafiəsi naziri əvəzi vəzifəsindən istefa vermişdir”. Necə deyərlər, babalı “Fəzail Ağamalının boynuna! Hər halda iki ay keçməmiş Azərbaycan tarixinə qiyamçı kimi düşmüş Surət Hüseynov özü baş nazir vəzifəsindən birdəfəlik uzaqlaşdırıldı.

Amma insaf xatirinə demək olar ki, sonrakı illərdə Fəzail Ağamalı müavini Zahid Orucun partiyadan uzaqlaşdırılmasının, deputat həmkarı Hüseyn Abdullayevin mandatdan məhrum edillməsinin öhdəsindən bacarıqla gələ bilmişdi.

Lakin partiya sədri olaraq Fəzail Ağamalı heç bir vaxt bu cür gülünc vəziyyətə düşməmişdi. Son parlament seçkiləri zamanı qızının xeyrinə öz namizədliyindən imtina edən bir şəxs indi siyasi təşkilatı da artıq deputat olan həmin övladına həvalə etmək istəyir. Qurultay nümayəndələri də çox uzağa getməyiblər, Fəzail Ağamalının oğlu Elçin Ağamalıya səs veriblər. Vəziyyətin qızının xeyrinə olmadığını görən ata isə səsvermənin nəticəsinə məhəl qoymadan qurultayda fasilə elan etməklə aradan çıxıb.

İndi xanım deputat kütləvi informasiya vasitələrini qarşı tərəfin (yəni qardaşının – red.) açıqlamalarına inanmamağa, istefa vermiş atasının hələ də partiya sədri olaraq qaldığına inandırmağa uğursuz cəhdlər edir.

Zahiri görkəmi ilə siyasətçidən çox kolxoz sədrlərini xatırladan oğul Ağamalı isə qurultay nümayəndələrinin əksəriyyətinin ona səs verdiyini əks etdirən görüntüləri mediada yaydırır. Bu isə ata və qız Ağamalının xeyrinə olmayan çox güclü arqumentdir.

Çox maraqlıdır, hazırda həm də partiya sədrinin müavini olan Günay Ağamalı əgər məsləkdaşlarını öz liderliyinə inandıra bilməyibsə, o, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin seçicilərini ona səs verməyə necə inandırıb?!

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri Natiq Cəfərli artıq “Ana Vətən”dəki yaranmış durumu tragokomediya adlandırıb.

“Biz görmüşük ki, adətən ailə daxilində ev-əmlak bölə bilmirlər, pul-qızıl davası olur, hətta antik əşyaların bölüşdürülməsində narazılıq ola bilər – amma, Azərbaycanda partiyanı, ailəyə aid mandatı (bəs nə, bizdə belə “miras” da var) bölüşdürə bilməyən ailələr varmış. Ölkənin siyasi sisteminin düşdüyü vəziyyətə baxın – tragikomediyadır”, – deyə partiya sədri “Facebook” səhifəsində yazıb.

Natiq Cəfərli yaranmış durumdan çıxış yolunu da göstərib:

“Məmləkətdə proporsional seçki sisteminə keçməsək, bu “multfilm” bitməyəcək. Ancaq proporsional seçki sistemi ideoloji partiyaların yaranmasına, siyasi dəyərlər üzərinə inşa edilmiş təşkilatların formalaşmasına, ölkədə, maksimum, 6-8 partiyanın ayaqda qalmasına səbəb olacaq – normal olan da məhz budur”.

Xatirə SADİQ