Partiyalar özünü niyə buraxır? – İqtidardakılar bizim kimi düşünmürbackend

Partiyalar özünü niyə buraxır? – İqtidardakılar bizim kimi düşünmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycanda təxmini 6 partiya fəaliyyətini dayandırıb”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

O, “Siyasi partiyalar haqqında” qanun layihəsinin qəbul edilməsindən sonra öz fəaliyyətini dayandıran siyasi qurumlardandan, habelə proporsional seçki sisteminin bərpası ehtimalından danışıb.

Xatırladaq ki, buraxıldığını elan edən son partiya 1995-ci ildən fəaliyyətdə olan Azərbaycan Sosial Rifah Partiyası (ASRP) olub. Xanhüseyn Kazımlının qurucusu olduğu ASRP-yə 2020-ci ildən sabiq deputatın qızı Əsli Kazımova rəhbərlik edirdi.

T. Abbaslının fikrincə, yeni qanunun qəbul olunanda xüsusi məqsədlər olub:

“Onlardan biri partiyaların sayını minimuma endirmək idi. 59 partiya dövlət qeydiyyatına alınmışdı, amma siyasi səhnədə və ictimai həyatda rol oynayan partiyaların sayı hazırda bir əlin barmaqları qədər deyil. Hələlik heç bir partiya məhkəmə yolu ilə bağlanmayıb, əksinə, hamısı özü buraxıb.

Ola da bilər ki, hakimiyyət partiyaların fəaliyyəti ilə bağlı hansısa güzəştlər, yaxud imtiyazlar tətbiq etmək niyyətindədir”.

Partiya sədri düşünür ki, proporsional seçki sistemində sağlam rəqabət mühiti olarsa, zəif partiya zəif, güclü partiya isə güclü yer tutacaq:

“Gücü olmayan isə ümumiyyətlə, prosesdə iştirak etməyəcək. Yəni varlığı ilə yoxluğu bilinməyəcək.

Ola bilsin ki, iqtidardakılar bizim kimi düşünmür. Onlar fikirləşir ki, sayı daha az və fəaliyyəti daha çox olan partiyalar siyasi səhnədə olmalıdır. Əsas odur ki, bu prosesdə ədalətsizlik olmasın, reallıqlar nəzərə alınsın və siyasi qərarlar verilməsin”.

T. Abbaslının sözlərinə görə, bu gün əsas məsələ 5 min üzv yığmaq məsələsidir:

“Ağ Partiya olaraq qanunvericiliyə uyğun fəaliyyətimizdə heç bir problem görmürük. 3 həftədir ki, siyahını hazırlamışıq və gözləyirik ki, lazımi təlimatlar, prosedur qaydaları təsdiq olunsun ki, biz də üzv siyahısını təsdiqlədək”.

“Bir neçə partiyadan başqa, “Siyasi partiyalar haqqında” yeni qanuna etiraz edən yoxdur. Qanunda boşluqlar və lazımsız maddələr barədə fikirlər səsləndirmişik. Amma digərlərinin heç səsi çıxmadı. Görünür, qanun onlara sərf edir”, – deyə T. Abbaslı fikirlərini tamamlayıb.