Paşinyan: Əgər 10 noyabr bəyanatını imzalamasaydım…backend

Paşinyan: Əgər 10 noyabr bəyanatını imzalamasaydım…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 noyabr 2020-ci il bəyanatının imzalanmasının bir ilinin tamam olduğu günlərdə ən çox xatırlanan hadisələrdən biri də Ermənistan Baş naziri Nikol Paşinyanın mövqeyidir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə onlayn imzalanma mərasimi zamanı Nikol Paşinyan Rusiya liderindən kapitulyasiya aktı kimi dəyərləndirilən bu bəyanata imzanı canlı yayımda atmaması üçün xahiş etmişdi və Azərbaycan Prezidenti bunu anlayışla qarşılamışdı.

Bəyanat imzalanan gün İlham Əliyev xalqa müraciət etdi və fikrini bildirdi, qələbə sevincini xalqla bölüşdü.

Ermənistan lideri isə yalnız bir neçə gündən sonra üzə çıxdı. O, müsahibə verərək, bəyanata imza atmağa məcbur olduğunu bu cür izah etdi: “Əgər birgə bəyanatı imzalamasaydım, qısa müddətdə nəinki Xankəndini itirərdik, 20-30 min əsgər də mühasirəyə düşəcəkdi”.

Bu bəyanatdakı tələblərin parlament və yaxud siyasi partiyalarla müzakirə edilməməsinə gəlincə, N.Paşinyan etiraf etmişdi ki, vaxt yox idi, bu qərar cəmi bir neçə saat içində verilməli idi, əks halda ağır nəticələrlə qarşılaşacaqdı.

N.Paşinyan həmçinin bu qərarı verərkən generalların istəklərini, tələblərini nəzərə aldığını, imzalamayacağı halda daha dəhşətli nəticələr olacağını da bildirir.

Onun bəyanata yanaşmasında bir məqam da diqqəti çəkir. N.Paşinyan bildirir ki, bu bəyanatla o, “xilas edilməsi mümkün olanı xilas etdi”.

Bəyanatın sülh sənədi olmadığını, müharibəni dayandırdığını deyən N.Paşinyan bu bəyanatı icra etməməklə bağlı sualı da cavablandırır: “Biz bu sənədi cırıb çölə ata bilərik. Ancaq bunun nəticələrini düşünmək lazımdır. Sənəddən imtina etmək üçün yol varmı? Mən belə bir yol görmürəm və bu haqda təklif də eşitməmişəm”.