Ermənistan İstintaq Komitəsi Erməni Apostol Kilsəsinə qarşı cinayət işi açıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat yayıb.
Onun sözlərinə görə, cinayət işinin açılmasında məqsəd bütün ermənilərin Katolikosu II Qareginin Ermənistandan çıxışına qadağa qoymaq və arxiyepiskopların Avstriyada keçiriləcək yığıncağını pozmaqdır.
Maraqlıdır, II Qareginin həbs olunma ehtimalları nə dərəcədə real görünür?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qareginin həbsi Paşinyan üçün çox asan bir prosesdir, lakin o, hələlik buna getməyəcək:
“Məsələ ondadır ki, Ermənistanda seçkilər yaxınlaşır və belə bir vaxtda Nikol Paşinyan seçicini küsdürəcək bir addım atmaq istəmir. Düzdür, II Qareginin əvvəlki kimi nüfuzu yoxdur, lakin o, hələ də bütün ermənilərin Katolikosudur.
Erməni kilsəsi ermənilər üçün hər şeydən yüksəkdir. Çünki erməni dövlətinin yox, xalqın varlığı bu kilsəyə borcludur. Ona görə də istər inanclı, istər inancsız olsun, ermənilərin kilsə ilə bağlı mövqeyi fərqlidir. Paşinyan bunu bilir, lakin kilsə üzərində nüfuz qazanmaq niyyətindədir. Hesab edirəm ki, II Qareginin həbsi baş tutacaq, lakin seçki öncəsi və ya sonrasında deyil. Proseslər səngidikdən sonra Paşinyan bunu edə bilər”.
Atilla Rzasoy













