Paşinyan KTMT-nin iclasında Azərbaycanla bağlı sərsəmlədibackend

Paşinyan KTMT-nin iclasında Azərbaycanla bağlı sərsəmlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son olayları müzakirə ediblər.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qazaxıstandakı olaylarda Qərbə işarə edərək, “rəngli inqilabların” qarşısını almaq üçün KTMT dövlətlərinin aralarındakı əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko isə “rəngli inqilabın” növbəti ünvanını – Özbəkistanı göstərib. Belarus prezidenti bu açıqlamasıyla bilərəkdən və ya bilməyərəkdən özü növbəti təlatümün düyməsinə basıb.

Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış fürsətdən istifadə edərək, Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsi arasında bu cür paralel aparıb: “Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz-üzə qala bilərlər”.

Beləliklə, Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərib.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan sanki demək istəyib ki, “Ermənistan beynəlxalq terrorçularla üzləşəndə Siz bizə dəstək vermədiniz, qoşunlarınızı göndərmədiniz, Qazaxıstana isə dərhal reaksiya verdiniz, gələn dəfə bizim çağırışı da eşidin”.

“Əlbəttə, Paşinyanın növbəti sayaqlamasına fikir verməmək də olardı. Azərbaycan öz ərazisini azad etmək uğrunda savaşırdı, ordumuz üzərinə düşəni etdi. Paşinyan isə yenə “beynəlxalq terrorçular” haqqında nağıl danışmağa çalışıb. Buna baxmayaraq, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. Diqqətli olmalıyıq. İrəvan Azərbaycanla sərhəddə, o cümlədən Qarabağ separatçılarının əli ilə gərginliyi artırıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət üçün bəhanə axtara bilər. Fikrimcə, Paşinyanın bugünkü sərsəmləməsinə rəsmi Bakı münasibət bildirməlidir ki, Ermənistanın dostları çaşıb təxribata uymasınlar”, – deyə politoloq əlavə edib.