Paşinyan mesajını verdi: Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdırbackend

Paşinyan mesajını verdi: Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş nazir Nikol Paşinyanın parlamentdəki son çıxışı Ermənistan ictimaiyyətinə, radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları başa salmaq məqsədi daşıyırdı”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan hökuməti başçısının çıxışında bir neçə mesaj verdiyini bildirib:Birincisi, Paşinyan dedi ki, beynəlxalq ictimaiyyət Ermənistanı “Qarabağın statusu” məsələsində “planka”nı aşağı endirməyə çağırır. Paşinyan bunu deyərkən, Türkiyənin adını tələffüz etməyi də unutmayıb: “Bu gün bizə beynəlxalq ictimaiyyəti açıq deyir ki, Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmaq – tək “Artsax” üçün deyil, həm də Ermənistan üçün böyük təhlükədir. Beynəlxalq birlik deyir ki, bizə ümid bəsləməyin – ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik”.

Paşinyan demək istəyib ki, “Azərbaycana qarşı ərazi iddialarını davam etdirsək, qarşımızda yenə Azərbaycan-Türkiyə ittifaqını görəcəyik və bu ermənilərə növbəti dəfə baha başa gələcək”.

Bu halda Rusiya və bu ölkənin Ermənistana havayı verdiyi silah da erməniləri xilas edən deyil.

İkincisi, Paşinyanın sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı “status”dan daha vacibdir və bunu ona Brüsseldə bir daha başa salıblar: “Bu mövqeyimiz son Brüssel görüşündə təsbit olunub. Əgər əvvəllər təmələ biz Qarabağın statusunu qoyurduq və bundan təhlükəsizlik və haqlar qarantiyaları irəli gəlirdi, indi təmələ təhlükəsizlik və haqlar qarantiyaları qoyuruq və bundan status məsələsi irəli gəlir”.

Elxan Şahinoğlu hesab edir ki, Paşinyan radikallardan və Qarabağdakı separatçılardan fərqli olaraq “yalnız müstəqillik” ifadəsini işlətməkdən imtina edib: “Paşinyan anlayır ki, əks halda, Azərbaycanla münasibətlər yenidən gərginləşəcək və növbəti müharibə qaçılmaz olacaq. Bununla Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olduğunun mesajını verib.

Üçüncüsü, Paşinyan parlamentdəki çıxışında etirafını da səsləndirib: “Günahkaram ki, xalqımıza deməmişəm ki, beynəlxalq birlik birmənalı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bizdən də tanıyacağımızı umur, onu da gözləyir ki, Qarabağdan çıxmış azərbaycanlılar da Dağlıq Qarabağın gələcəyinin müəyyən edilməsi və idarəçiliyi məsələlərinə cəlb olunsunlar”.

Paşinyan ermənilərə bu reallığı da anlatmağa çalışıb ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar.

Dördüncüsü, Paşinyan başqa bir etirafını da səsləndirib: “7 rayonu Azərbaycana təhvil versəydim müharibə olmaz və minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum”.

Əlbəttə, Paşinyanın dediyi kimi o, münaqişənin həlliylə bağlı “mərhələli həll” planına razılaşsaydı, müharibə olmaz və sülh sazişi imzalanardı. Ancaq nəinki Paşinyan, heç bir erməni siyasətçisi Azərbaycan ordusunun gücünü görmədən, itki vermədən qeyd-şərtsiz Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaqdı. Hətta 1990-cı illərin ortalarında “mərhələli həll” planına razılaşan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ermənilərin şərtlərinin yerinə yetirilməsi müqabilində cəmi 5 rayonun qaytarılmasına razılaşırdı.

Paşinyan müharibə ilə üzləşməsəydi, bəlkə yenə Şuşaya gedər, şərab içib və Azərbaycana acıq verərdi. Ona görə də müharibə labüd idi ki, Paşinyan bugünkü reallığı anlasın və bunu cəmiyyətinə də anlatsın”.