Paşinyan “Qarabağ klanı“nı hakimiyyətdən bir qədər də uzaqlaşdırırbackend

Paşinyan “Qarabağ klanı“nı hakimiyyətdən bir qədər də uzaqlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan gedir. Amma yenidən gəlmək üçün.”

“Ermənistanın Baş naziri Paşinyanın apreldə istefaya gedəcəyi haqqında verdiyi bəyanat az qala sensasiya kimi kütləvi informasiya vasitələrində təqdim olunmaqdadır. Hətta iş o yerə çatıb ki, Rusiya Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hadisəyə münasibət bildirib. Amma əslinə qalsa Paşinyanın istrefa verməsi heç də onun siyasi səhnədən getməsi anlamına gəlməli deyil. Baş nazirin istefası iyun ayının 20-nə təyin edilmiş parlament seçkilərində iştirak etmək məqsədi daşıyır. İqtidarın rəhbərlik etdiyi “Mənim addımım” parlament fraksiyası seçkilərdə nəinki iştirak etmək, hətta ötən seçkidən daha artıq yer qazanmaq niyyətindədir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.

O qeyd edib ki, mövcud qanunvericiliyə uyğun olaraq seçkilərdə iştirak etmək üçün Baş nazir istefa verməlidir və buna görə də Paşinyan istefa verir, amma vəzifə səlahiyyətlərinin icraçısı kimi vəzifədə qalır:

“Paşinyanın əleyhinə olan radikal müxalifət Baş nazirin istefası xəbərini böyük hay-küylə qarşılayır. Onlar bu hadisədən hakimiyyətə gəlmək üçün istifadə etməyə şans kimi qiymətləndirirlər. Doğrudur, Paşinyanın istefa ssenarisi müxalifətin təqdim etdiyi plandan tamamilə fərqlənir. Onlar Paşinyanı istefaya göndərmək, Vazgen Manukyanın rəhbərliyi ilə keçid hökuməti yaratmaq və bir ildən sonra parlament seçkiləri keçirmək ideyasını irəli sürürdülər. Amma Paşinyanın etdiyi manevrlər onların bu iddialarını həyata vəsiqədən məhrum etdi. Müxalifət Baş nazirin çaldığı havanın təranələri altında rəqs etməyə məcbur edildi”.

Siyasi şərhçinin qənaətinə görə, müxalifətn seçkilər zamanı Paşinyanın administrativ resurslardan istifadə edəcəyi haqqında xəbərdarlığı özünü doğrultmaqdadır:

“Təbliğat kompaniyasının hələ başlamadığna baxmayaraq, Nikol artıq regionlarda əhali ilə görüşməyə başlayıb. O, belə görüşlərdən birində – 28 martda Armavir regionunda əhali ilə görüşərkən istefası haqqında bəyanatı da səsləndirib: ”Mən apreldə istefa verirəm. Bunu getmək üçün yox, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün edirəm. Seçkilərə qədər olan müddətdə Baş Nazirin vəzifələrinin icraçısı kimi qalacam. Seçicilər məni dəstəkləyərsə ölkəyə daha yaxşı xidmət edəcəyimə söz vermişəm. Əksinə, seçicilər bizi dəstəkləməsə, biz məmnuniyyətlə hökuməti qalib gələn qüvvəyə verəcəyik”. Qeyd etmək lazımdır ki, Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi müxalifəti nümayişlərin ilk günündən tələb etdiyi addım idi. Amma Paşinyan uzun müddət bununla razılaşmırdı. Lakin sonda uzun sürəcli danışıqlardan sonra Baş nazir buna müsbət cavab verdi. O, 20 iyuna təyin olunan növbədənkənar seçkiləri qarşıdurmaya son qoymaq üçün ən gözəl çıxış yolu kimi qiymətləndirdi”.

Politoloq deyib ki, bununla Paşinyan çox uğurlu siyasi gediş edib:

“Əvəla müxalifəti parçaladı, ardınca cəmiyyətdə müəyyən qədər sakitliyə nail oldu. Eyni zamanda seçkiləri partiyasının nəzarəti altında keçirməyə nail oldu və bununla da qalib gəlmək üçün zəmin hazırladı. Ən nəhayət, qatı düşməni olan “Qarabağ klanı”nı hakimiyyətdən bir qədər də uzaqlaşdırdı. Baş nazirin birdəfəlik istefası tələbini irəli sürən müxalif qüvvələr seçkilərin kimin hakimiyyəti altında keçirilməsindən asılı olmayaraq ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq üçün mübarizədən hələ də əl çəkmirlər. “Ölkənin xilası hərəkatının” koordinatoru, “Daşnaksütun” partiyasının nümayəndəsi İşxan Saqatelyanın fikrincə, müxalifətin istəyinin ziddinə olaraq, “Mənim Addımım” blokunun planı əsasənda ölkə seçkilərə gedərsə iki vəzifəni həyata keçirəcəklər. Birincisi, heç bir şərtlə müxalifət partiyaları yeni qurulacaq Paşinyan hökumətində iştirak etməyəcək. İkincisi, növbədənkənar seçkilər xəyanətkarı hakimiyyətdən uzaqlaşdırmaq üçün vasitə rolunu oynayacaq”.

Ə.İbrahimov söyləyib ki, Paşinyanın istefa xəbəri ilə yanaşı, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məsuliyyətdən azad olunması haqqında Konstitusiya Məhkəməsinin çıxardığı qərar da sensasiya hesab olunacaq hadisələrdəndir:

“Bununla, Robert Köçəryanın seçkilərdə iştirakına mane olacaq səbəblər aradan qaldırılır. Konstitusiya məhkəməsi Köçaryan və onun ətrafındakı bir neçə şəxsə qarşı tətbiq olunan Cinayət Məcəlləsinin müvafiq maddəsininnin -“konstitusiya quruluşunu devirmək” – Əsas Qanunla ziddiyyət təşkil etdiyini bildirib. Amma Robert Köçəryan və Serj Sarqsyan tandeminin birlikdə çıxış edəcəkləri təqdirdə belə, onarın hakimiyyətdə bu və ya digər formada təmsil olunacaqları inandırıcı görünmür. Son 100 ildə Qarabağ klanının bu iki cəlladının erməni millətinə vurduğu ziyanı hələ heç bir erməni vura bilməyib. Ermənistanda artıq bunu başa düşürlər. Artıq Ermənistanın bugünkü acınacaqlı vəziyyətinin səbəbkarı kimdir? – sualına “Qarabağ klanı” cavabını səsləndirənlərin sayı sürətlə artmaqdadır”.
Yenisabah