Paşinyan və Lavrovun Qarabağla bağlı dedikləri – Azərbaycan üçün SOS SİQNALIbackend

Paşinyan və Lavrovun Qarabağla bağlı dedikləri – Azərbaycan üçün SOS SİQNALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaman ötdükcə Qarabağdakı Rusiya sülhməramlılarına münasibət bəzilərinin iddia etdiyi kimi müsbətə doğru dəyişmir. Əksinə, hər gün baş verən neqativ olaylar “sülhməramlı” adı ilə bölgədə fəaliyyət göstərən rus ordusundan narazılığı daha da artırır. Ələlxüsus, sülhməramlıların səlahiyyətlərindən kənar işlərə müdaxiləsi, separatçı Arutyunyanla mütəmadi əlaqə saxlanması, ermənilərin kütləvi şəkildə Qarabağa daşınması və digər tərtibatçı davranışlar vəziyyəti gərginləşdirir.

Əslində, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Təəssüf ki, Rusiya sülhməramlıları öz fəliyyətini üzərinə götürdüyü öhdəliklərə uyğun qurmaq əvəzinə oyun qaydalarını bilərəkdən pozurlar. Heç şübhəsiz, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəmiz hələ davam edir. Belə şəraitdə Rusiya sülhməramlılarının Qarabağdakı özbaşınalığına son qoyulmasa, proses daha tündləşər. Ona görə də Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti sülhməramlıların Qarabağdan çıxarılmasını, qalacaqları təqdirdə isə vəzifə səlahiyyətlərini aşmamalarını tələb edirlər.

NOCOMMENT xəbər verir ki, “Azərbaycan-Erməni” Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı “Şərq”ə açıqlamasında bildirib ki, 44 günlük savaşdan əvvəl də Rusiya bölgədə yerləşmək və burada təkbaşına söz sahibinə çevrilmək üçün çalışırdı.

Professorun sözlərinə görə, Moskva ilə Minsk qrupunun digər həmsədrləri – ABŞ və Fransa arasında gizli rəqabət həmişə olub: “Rusiya belə hesab edir ki, Cənubi Qafqazda yeganə hegemon güc olmalıdır. Qoşunların “sülhməramlı” adı ilə dərhal Qarabağa yerləşməsi bu səbəbdəndir. Əslində rus sülhməramlılarının təyinatlarından kənara çıxması gözlənilən idi. Bölgədə möhkəmlənməyə çalışan Kreml ermənilərin zəif damarını tutub. Hazırda Ermənistana rusların burada olması sərf etdiyinə görə, Yerevan tərəfdən güclü etiraz yoxdur. Amma bəzi hallarda Ermənistandakı siyasi qüvvələr gələcəkdə bu “sülhməramlıların” onların başına nə oyun gətirəcəklərini etiraf edirlər. Azərbaycanda isə öz missiyasını yerinə yetirməyən sülhməramlıların davranışları sərt reaksiyalara səbəb olur. Rusiya ilk növbədə təhlükəsizliyi qorumalıdır.

Sülhməramlılar sadəcə Qarabağa geri qaytarılan ermənilərin təhlükəsizliyindən məsul olduqlarını zənn edirlər. Azərbaycanlılar da öz doğma yerlərinə, o cümlədən Xankəndinə qayıtmalıdır. Bəs indiki halda onların təhlükəsizliyi necə olacaq? Bizim insanlarımızı rus sülhməramlılarımı qoruyacaq? Məncə, bu gedişlə sülhməramlıların missiyası iflasa uğrayır”.

Q.Çaxmaqlının fikrincə, Rusiya sülməramlıları ilə birlikdə Türkiyənin Silahlı Qüvvələrinin də Qarabağda olması əsas şərtdir: “Gec-tez bu məsələ həllini tapacaq. Əgər yaxın zamanda vəziyyət müsbətə doğru dəyişməsə, Azərbaycanın haqqı var ki, 5 ilin tamam olmasını gözləmədən rus sülhməramlıların çıxarılması tələbini qoysun. Müharibə bitib, Azərbaycan bütün Qarabağda nəzarəti ələ almalı, suverenliyini bərpa etməlidir. Nəzərə alaq ki, bölgədə qarışıqlıq və özbaşınalıq davam etdikcə, Ermənistan bu vəziyyətdən sui-istifadə edir. Yerevan hökuməti Dağlıq Qarabağla bağlı artıq cəhənnəmə göndərilmiş “status” məsələsini geri gətirmək istəyir. 11 yanvarda Moskva görüşündən sonra Nikol Paşinyanın çıxışında bu fikri səsləndirildi.

Eyni zamanda Lavrovun “status”la bağlı dedikləri də bizim üçün bir “sos” siqnalı olmalıdır. Rusiyaya sakitlik lazım deyil. Kreml siyasi və hərbi müstəvidə vəziyyəti qəsdən gərginləşdirir ki, sülhməramlılar bölgədə uzunmüddətli qalsınlar. Bu isə Azərbaycana sərf etmir. Hesab edirəm, yaxın zamanda başqa ölkələrin müdaxiləsi nəticəsində onsuz da beynəlxalq sülhməralı mandatı olmayan Rusiyanın özbaşınalığına son verilə bilər”.