Paşinyana Stokholm silləsi, kilsə və Rusiyaya qarşı növbəti hücum dalğası – ŞƏRHbackend

Paşinyana Stokholm silləsi, kilsə və Rusiyaya qarşı növbəti hücum dalğası – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son günlər baş verən hadisələr baş nazir Nikol Paşinyanın xarici siyasətinin geosiyasi dalana dirəndiyini göstərir. Kilsə və Rusiyaya qarşı addımlarını sürətləndirən erməni hökuməti qısa müddətə problemi həll etmək, seçki yolundakı bütün əngəlləri, xüsusən də Rusiyanın təsir dairəsində olan apostol kilsəsi və II Qaregini zərərsizləşdirmək niyyətini güdür.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, artıq Paşinyan II Qareginin vəzifədən kənarlaşdırılması və yeni katolikosun seçilməsi haqqında kilsə nizamnaməsinin qəbul edilməsini təklif edib. Onun bu çıxışı birmənalı qarşılanmayıb. Hətta birinci prezident Levon Ter-Petrosyan, vaxtilə Nikolun xaç atası sayılan siyasətçi də buna qarşı çıxıb. Məsələ burasındadır ki, Paşinyanın göstərişi ilə Vaqarşapatda mitinq keçiriləcək və Qaregin Eçmiədzindən çıxarılacaq. Hökumət başçısının planı belədir. Artıq katalikos yeni seçkilərlə, əslində isə baş nazirin təyinatı ilə təyin edilməlidir. Amma işin maraqlı tərəfi odur ki, Nikol planlarının təfərrüatı barədə hakim partiya elitasını belə məlumatlandırmır. Bu isə “Vətəndaş müqaviləsi”ndə qeyri-müəyyənliyə və gərginliyə səbəb olur.

Paşinyan artıq heç kəsə etibar etmədiyi üçün bu addımı atır. Partiya üzvləri isə gərgin vəziyyətdə baş nazirin növbəti qərarını və təlimatını gözləyirlər. İş o həddə çatıb ki, Nikol nazirlərə yazılı mətnlər göndərir, bunu sosial şəbəkədə yaymağı tapşırır. Məsələn, səhiyyə naziri Anahit Avanesyan siyasi bir yazı paylaşaraq, Baqrat Qalstanyanı məhkəməyə verməyə hazırlaşdığını bildirib. Nazir bildirir ki, arxiyepiskop onu təhqir və böhtana məruz qoyub. Maliyyə naziri də dərhal onu dəstəkləyib və kilsə əleyhinə yazı paylaşıb. Gedişat göstərir ki, Paşinyan bütün komandasını kilsəyə qarşı çıxmağa məcbur edir və hər kəsi bu yükün altında əzilməyə vadar edir.

Bununla yanaşı, Rusiyaya qarşı növbəti addımlara start verilib. Son günlər qərbyönlü siyasi dairələrə Rusiyaya qarşı addımları sürətləndirmək, yeni material və kompromatlar ortaya atmaq əmri verilib. Ehtimal etmək olar ki, 23 avqust tarixində, yəni Ermənistanın Müstəqillik Bəyannaməsi qəbul etdiyi tarixdə Gümrüdəki 102-ci baza əleyhinə baş nazirin göstərişi ilə etiraz aksiyaları və mitinqlər keçirilə bilər. Bu da onu deməyə əsas verir ki, Paşinyan seçkidə qələbə üçün Qərbə ümid edir və qərbyönlü siyasi qüvvələrlə koalisiya quraraq, yenidən hakimiyyətdə qalmaq onun planlarından biridir. Bu səbəbdən də ölkədə qərbyönlü siyasi qüvvələrə hərəkət üçün bütün şərait yaradılır, yeni təlimatlar verilir.

Samvel Karapetyanın beynəlxalq məhkəmədə “Ermənistan Elektrik Şəbəkəsi” ilə bağlı işdə hökumətə qalib gəlməsi isə baş nazirin səriştəsiz komanda ilə işlədiyini üzə çıxarıb. Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili arbitraj Ermənistana bu yaxınlarda qəbul edilmiş “Enerji haqqında” və “Dövlət xidmətlərini tənzimləyən orqan haqqında” qanunların müddəalarını “Ermənistanın Elektrik Şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətinə tətbiq etməkdən çəkinməyi tapşırıb. Eyni zamanda sözügedən şirkətin milliləşdirilməsi ilə bağlı növbəti addımlardan çəkinməyə çağırıb. Bu, Ermənistan hökumətinin üzünə Qərbin tərs silləsi sayılmalıdır. Yaxşı, bəs Karapetyanı birdən-birə Ermənistan hökumətinə qarşı çıxmağa, kilsəni dəstəkləməyə nə vadar edib? Çünki Paşinyan hakimiyyətə gəldiyi ilk gündən apostol kilsəsinə qarşı çıxıb, onun səlahiyyətlərini əlindən almağa, nüfuzunu zəiflətməyə çalışıb.

Bu dövr ərzində Samvel niyə susurdu? Niyə birdən özünü ortaya atıb “qurban”vermək qərarına gəlib? Məlum olub ki, Karapetyana və onun şirkətinə qarşı Moskvada cinayət işi qaldırılıb. “Tashir Samon”a qarşı Rusiyada açılan cinayət işini Samvel tərəfdarları təkzib etsələr də, ortada faktlar var. Məsələn, 2 iyul tarixində “Centurion Alliance” şirkətinin ofislərində axtarışlar aparılıb, cinayət işi ilə bağlı sənədlər götürülüb. Eyni zamanda üzə çıxıb ki, “Tashir” Rusiyada ağır maliyyə cinayətləri törədib. Eyni zamanda üzə çıxan məlumata görə, Samvel Ktriç Nersisyana, yəni II Qareginə 5 milyon dollar verib ki, patriarx Kirill vasitəsilə Rusiya hüquq-mühafizə orqanları ilə problemi həll edilsin. Amma görünən odur ki, Ktriç pulun “dalına keçib”, heç bir problemi həll etməyib. Samvelin isə son çarəsi Rusiya FSB-nin əmri ilə Ermənistanda çevriliş həyata keçirmək olub.

Rusiyanın erməni diasporunun, Ara Abramyanın və Samvel Karapetyanın kəskin anti-Ermənistanın ritorikasının səbəbi isə 2018-ci ildən Kreml kabinetlərində nüfuz və çəkilərini itirmələri ilə əlaqəlidir. Onlar bu nüfuz və əlaqəni Paşinyana və Ermənistana qarşı fəaliyyətlə bərpa etməyə çalışırlar. Çünki əks halda biznesləri ilə vidalaşıb müflis olduqlarını elan edə bilərlər. 2018-ci ilə qədər, yəni sorosçuların “inqlabla” Serji devirərək hakimiyyətə gəldiyi günə qədər Kreml müəyyən xeyriyyə layihələri adı altında Sarkisyana pul ötürür, Ermənistanı öz təsir dairəsində saxlayırdı. 2018-ci ildən vəziyyət dəyişdi və birdən məlum oldu ki, Ermənistan artıq onların “cibində” deyil və onlar Ermənistana qərarlar diktə edə bilmirlər, məsələn, İrandan Ermənistana qaz kəmərinin diametri nə qədər olmalıdır, BMT-də necə səs verəcəklər vəs. Bunları həll etmək, Paşinyanın anti-Rusiya addımlarını dayandırmaq üçün Samvel Karapetyan və diasporun digər nüfuzlu və varlı erməniləri hərəkətə keçiblər. Amma nəticə ortadadır, Samvel Ermənistanda həbsdədir və Paşinyan getdikcə Kreml orbitindən uzaqlaşır.

Beynəlxalq məhkəmə isə Ermənistanın üzünə tərs sillə vurub. Paşinyan komandasının yarıtmaz fəaliyyəti, qanunlardan, xüsusən də beynəlxalq hüquqdan xəbərsiz olması Karapetyanın Arbitraj Məhkəməsində Paşinyanı alçaltmağa imkan verib. Yəni, Paşinyan və onun diletantlardan ibarət komandası məhkəməni uduzub. Bu isə o deməkdir ki, Ermənistan dövləti təzminat ödəyəcək. Amma ödəniləcək pul Paşinyan və komandasının cibindən yox, erməni dövlətinin büdcəsindən ayrılacaq. Stokholm Arbitraj Məhkəməsinin qərarı dərhal icraya tabedir və gecikdirilə bilməz. “Ermənistan Elektrik Şəbəkəsi” fəaliyyətini davam etdirməlidir. Amma görünən odur ki, Paşinyan geri çəkilmək niyyətində deyil və müvəqqəti olaraq süni maneələr yaradılacaq. Məhkəmə birbaşa bəyan edib ki, erməni tərəfinin hərəkətləri Ermənistan və Kipr arasında investisiyaların qorunması haqqında sazişi pozur. Çünki şirkət Kiprdə qeydiyyatdan keçib.

Bununla belə, əgər Paşinyan komandası məhkəmə qərarını yerinə yetirməkdən imtina etsə, ciddi problemlərlə qarşılaşa bilər. Xarici arbitraj qərarlarının icrası qaydaları Ermənistanın “Kommersiya arbitrajı haqqında” qanununda da var. Hökumət “Ermənistan Elektrik Şəbəkəsi”nə sahib olan şirkətin lisenziyasını ləğv edə bilər, lakin infrastruktur operatoru vəziyyətində bu, dolayı yolla özgəninkiləşdirmə, yəni əmlakdan məhrumetmə hesab ediləcək. Hökumət şirkəti milliləşdirməyə qərar verərsə, onların bazar dəyərinin necə qiymətləndiriləcəyi bəlli deyil. Ona görə də şirkət sahiblərinə böyük təzminat ödəməyə məcbur olacaq.

Baş verənlər Ermənistanın onsuz da zəifləmiş beynəlxalq və investisiya nüfuzuna ciddi zərbədir. Üstəlik, qərarların yerinə yetirilməməsi Ermənistanın ümumilikdə investisiya mühitinə zərər vura bilər. Heç bir investor hüquqların qorunmadığı, biznesin zəbt edildiyi ölkəyə gəlmək və iş qurmaq istəməz.

Bununla yanaşı, Paşinyanın Rusiyaya səfəri fonunda İsveçdə belə bir qərarın verilməsi onu göstərir ki, bu məhkəmə çəkişməsi artıq Qərbin Ermənistana qarşı təzyiq alətinə çevrilir. Onsuz da Nikolun 9 may tarixində Moskvaya səfəri Qərbin müəyyən siyasi dairələrində xoş qarşılanmamışdı. Bu səbəbdən Karapetyanla bağlı məsələ artıq təzyiq alətinə çevrilir. Qərb Paşinyana işarə edir ki, Kreml ilə münasibətləri normallaşdırmaq ona baha başa gələ bilər. Yaxın vaxtlarda çox güman ki, Nikol Paşinyan Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunu Rusiyanın təsiri altında olduğu, apostol kilsəsinin yepiskoplarının göstərişi ilə qərar verdiyini iddia edəcək.