Paşinyanın gizli planı: Ermənilər nə istəyirlər?backend

Paşinyanın gizli planı: Ermənilər nə istəyirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan daxilində cəmiyyəti sülhə hazırlamaq üçün müəyyən işlərin görüldüyünün şahidi oluruq.

Elə buna görədir ki, Ermənistanın keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru, hazırkı müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyanın canına vəlvələ düşüb və o, qondarma rejimin əski parçasını başının üzərində qaldıraraq 3-4 qoca ilə İrəvanın mərkəzində aksiyalara başlayıb.

Müxalifət öz hoqqabazlığını edən məqamda hakim partiya nümayəndələri artıq acı reallığı anlayırlar. Brüssel görüşündən sonra Ermənistanda ab-hava çox dəyişib. Paşinyan hər çıxışında 20 il (1998-2018) hakimiyyətdə olan “Qarabağ klanı”nı top atəşinə tutur, eləcə də boğazlarından zəli kimi yapışan separatçıları özündən rədd etməyə çalışır.

Hakim “Mülki müqavilə” partiyasının deputatı Vigen Xaçatryanın söylədiyi fikirlər isə Ermənistanda böyük rezonans yaratdı.

Belə ki, Paşinyanın komandasının üzvü olan Xaçatryan öz açıqlamasında qeyd etmişdi ki, “Biz Dağlıq Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur düşüncəsinin indi səhv olduğunu anlayırıq”. Müxalifətin yarasına duz basan bu açıqlamadan sonra da köhnə qvardiyanın (“Qarabağ klanı” – red) üzvləri Kremldən aldığı tapşırıqları həyata keçirmək üçün meydanlara tökülüşdülər. Elə utanc da buradan başladı. Çünki İrəvanın Azadlıq meydanında onlara dəstəyə gələn çox az adam oldu. Siravi irəvanlılar isə “səhər naxıra, axşam axıra” məsəlinə uyğun olaraq öz kasıb həyatlarını yaşayırlar.

Burada maraqlı bir məqam da budur ki, Paşinyan ikitərəfli oyun oynamaqla həm müxalifəti, həm də Rusiyanı Ermənistanda zərəsizləşdirməyə çalışır. Lakin Putinin onu Moskvaya çağırmasından sonra belə bir qənaətə gəlmək olar ki, Ukraynaya başı qarışan Rusiya yenidən təşəbbüsləri əlinə almaq istəyir. Paşinyanın isə məqsədi xərçəng şişi kimi Ermənistana yük olan Qarabağ ermənilərindən vaz keçmək və bu məsələnin həlli yollarını birbaşa Azərbaycanla Rusiyanın üzərinə atmaqdır. İkili siyasət yürüdən Paşinyan burada Azərbaycanla Rusiyanı da qarşı-qarşıya qoymağı düşünür.

Kreml görüşündən ortaya çıxan nəticə isə budur ki, nə Paşinyan Putini, nə də Putin Paşinyanı günahı qədər sevmir. Sadəcə, Paşinyan Azərbaycanla kompromislər əldə etmək üçün Rusiyanın tələblərinə hələlik boyun əyir.

Elə Xaçartyanın məlum açıqlaması da buna yönəlmiş addım ola bilər. Çünki hakim partiya üzvünün müttəfiq Rusiyadan ümidini kəsməsi, Rusiyanın Tükriyə-Azərbaycan tandeminin qarşısında Ermənistanı tək qoyması fikirlərini səsləndirməsi, hələ-hələ ölkə başçısının Rusiyada səfərdə olduğu zaman belə açıqlama verməsi görünür, Paşinyan iqtidarının manipulyant siyasətini özündə ehtiva edir.

İndi ortaya bir sual çıxır.

Paşinyan nə istəyir? Onun gizli planı nədir?