Paşinyanın müsahibəsi – reallığın etirafı – TƏHLİLbackend

Paşinyanın müsahibəsi – reallığın etirafı – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi istiqamətində atılan addımlar bir reallıqdır. Artıq ortada faktlar var və iki ölkə arasında ilkin mərhələdə 35 sərhəd dirəyi basdırılıb. Bu, tezliklə Bakı və İrəvanın sülh sazişi imzalayacağına və normallaşma prosesinin uğurla davam edəcəyinə ümidləri artırır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Azərbaycanla Ermənistan arasında danışıqların birbaşa və ikitərəfli davam etməsi də nəzərdə tutulan yaxınlaşmaya impuls verir. Onillər ərzində beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən görüşlərin tərəflərə heç bir faydası olmadı, lakin rəsmi Bakı ilə İrəvanın birbaşa, vasitəçilərsiz danışıqları məhsuldar nəticələr verməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib: “Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər”.

Prezident bununla həm də iki ölkə arasında vasitəçiliyə cəhd göstərənlərin mahiyyətini açaraq bildirib: “Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”.

Bu günlərdə Ermənistan parlamentində müxalifət sayılan qruplaşmanın demarkasiyaya dair bəyanat layihəsi rədd edilib. Layhənin müəllifi keçmiş prezident Rober Koçaryanın sponsoru olduğu “Hayastan” fraksiyasıdır. Onlar baş verənləri təhrif etməklə ölkədə qarşıdurma yaratmağa, eyni zamanda hökumət başçısı Nikol Paşinyanı istefaya göndərməyə çalışırlar. Bu dəstənin əsas hədəfi mövcud hakimiyyətə qarşı çıxmaqdır. Ona görə də sərhədlə bağlı məsələdən revanş üçün alət olaraq istifadəyə çalışırlar.

Belə etirazçılardan hökumətin də gələcəkdə öz məqsədi üçün yararlanması istisna edilməyən ehtimallardən sayılır.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiya və demarkasiya ilə bağlı həm müxalifətin, həm də ölkə ictimaiyyətinin marağına səbəb olan suallara yerli İctimai TV-yə müsahibəsində aydınlıq gətirməyə çalışıb. Baş nazir bildirib ki, bir müddət əvvəl “Ermənistan” fraksiyasının başçısı tam məxfi sənədlə tanış olmaq üçün müraciət etmişdi: “İndiki anlaşılmazlıqların bəziləri bununla əlaqədar ola bilər”.

Onun çıxışından belə görünür ki, müxalifət sərhədlərin müəyyənləşməsinə dair sənədlə tanış ola bilmədikləri, yaxud bu məsələdə onlara etibar edilmədiyi üçün gərginlik yaratmağa başlayıblar. Bu, həm də Ermənistan müxalifətinə hökumətin inanmadığı anlamına gəlir. Rəsmi İrəvan onların məxfi sənəddəki məlumatları başqa tərəfə ötürə biləcəklərindən ehtiyat edib. Ölkə ictimaiyyətini arxayın salmaq üçün Paşinyan bildirib ki, başçılıq etdiyi hökumət delimitasiya prosesi zamanı qarşısına təkcə ayrı-ayrı bölmələri deyil, həm də iki ölkə arasında bütün sərhədin bərpası üçün hüquqi əsas yaradan prinsipin qəbulunu vəzifə olaraq qoyub.

Paşinyan sərhədin müəyyənləşməyən hissəsində münaqişə yarana biləcəyinə eyham edib. Bu məsələdə iki istiqamət görmək olar: birincisi Azərbaycanla sərhəddə pozuculuq hadisəsinin baş verə biləcəyinə dair xəbərdarlıq, ikincisi isə ölkə ictimaiyyətinə mümkün silahlı qarşıdurmanın olacağını çatdırmaqdır. O vurğulayıb ki, vəziyyəti nəzarətdə saxlamaq məqsədilə münaqişə potensialının ən yüksək olduğu yerlərdə işlər başlayıb. Baş nazir bununla etiraz edən kütləyə və onu yönəldənlərə ismarış göndərib.

Paşinyan Ermənistan cəmiyyətini Azərbaycanla hədələməkdən də çəkinməyib. O bildirib ki, digər dörd kəndin delimitasiyası məsələsinin həll olunmaması Azərbaycana eskalasiya yaratmaq üçün daha çox səbəb və imkan yarada bilər.

Hökumət başçısı bununla ölkə əhalisinə sərhədlərin delimitasiyasının üstünlüyünü çatdırmağa çalışıb. Ancaq, təəssüf ki, bu zaman Ermənistan hərbçilərinin iki ölkə arasında müvəqqəti sərhəddə törətdikləri pozucu, təhrikedici və təxribatçı əməlləri yaddan çıxarıb. Qeyd edək ki, bu il Ermənistan sərhədçiləri Avropa İttifaqının mülki müşahidə missiyasının nəzarəti altında olan ərazidən Azərbaycana qarşı atəş açıblar. Rəsmi İrəvan, ABŞ və başqalar bunu etiraf etsələr də, indiyədək cavabdehlər cəzalanmayıb.

N.Paşinyan müsahibəsində bəzi etirafları da edib. O deyib ki, qarşıdakı illərdə dövləti həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq: “Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu proses indi erməni cəmiyyətinin gözü önündə baş verir”.

Belə başa düşmək olar ki, Azərbaycanla münasibətlərin normallaşması Ermənistan dövlətinin varlığı, gələcəyi deməkdir. Ehtimal etmək olar ki, mühüm qərarlara 300 min Qərbi azərbaycanlının pozulmuş vətəndaş və mülkiyyət hüquqlarının bərpası da daxildir.

Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Almatı bəyannaməsinə əsasən, Bakı və İrəvanın bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyacaqlarına dair razılıq əldə edildiyini də vurğulayıb. Paşinyan bununla da Azərbaycanın Ermənistana heç bir ərazi iddiası olmadığını təsdiqləyib.

Hökumət başçısı sərhədlərin müəyyənləşməsi üzrə fəaliyyət göstərən işçi qrupun görəcəyi işlərdən danışaraq bildirib ki, komissiya delimitasiya işini başa çatdırır, iyulun 1-dək növbəti addımlar üçün reqlament dəqiqləşdirilir, ölkələrin daxili qanunvericiliyinə uyğun olaraq komissiyaların əsasnaməsi təsdiq edilir, bundan sonra işlər davam edəcək.

Bu, həm də işçi komissiyaların fəaliyyəti üzrə tərəflərin razılaşdığı plandır.

Nikol Paşinyan Ermənistan ərazisindəki Azərbaycanın 4 kəndi ilə bağlı məsələyə tam aydınlıq gətirməyib. O, bu ərazilərin onlara aid olmadığını dolayı olaraq etiraf etsə də, onların Azərbaycanla əlaqə qurması mexanizmi və başqa məsələlərdən danışmayıb, məsələnin təbiətinə görə fərqləndiyini vurğulayıb.

Beləliklə, iki ölkə arasında münasibətlərin normallaşması prosesinin başladığını Nikol Paşinyan müsahibəsində etiraf edib. Sərhədyanı bölgədə “aksiya” keçirənlərin ərazidən uzaqlaşdırılması, bölgənin minalardan təmizlənməsi, baş nazirin müsahibəsində vurğulanan məsələlər də bunu təsdiqləyir.