“Regionda həqiqi dialoq və gələcək inkişafdan söhbət gedirsə, Paşinyanın seçilməsi Azərbaycan üçün də ən uyğun variantdır. Bundan sonra proseslər tədricən münasibətlərin quruması istiqamətində inkişaf edəcək”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Sfera.az-a a açıqlamasında Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” blokunun qalib gəlməsinin İrəvanla Bakı arasında son zamanlar müşahidə edilən gərginliyin azaldılmasına nə kimi təsirlərinin ola biləcəyini şərh edərkən, politoloq Natiq Miri deyib:
“Erməni xalqı Paşinyana növbəti dəfə ona görə etimad göstərdi ki, o Ermənistanın önünün açılması, blokadadan çıxmaq, kommunikasiyaların açılması və iqtisadiyyatın yenidən dirçəldilməsinin tərəfdarıdır. Erməni xalqı “Qarabağ klanı”na olan patoloji nifrətinə görə məhz Paşinyanı seçdi. Çünki onlar gələcək perspektivlərini “Qarabağ klanı”nın nümayəndələrində görmür. Rusiyanın bütün mexanizmləri işə salmasına rəğmən Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı. Müharibədə məğlub olan bir siyasətçi bir neçə aydan sonra keçirilən seçkilərdə qalib gəldi. Tarixdə belə hadisələrə çox az rast gəlinir. Düşünürəm ki, Paşinyan da bunu anlayır”.
Politoloqa görə, bundan sonra sərhəddə gərginliyin aradan qaldırılması yolunda münbit şərait yaranacaq. O həmçinin qeyd edib ki, seçkinin nəticəsi olaraq daha çox ikitərəfli, ya da Rusiyanın vasitəçiliyilə diplomatik danışıqlarda aktivlik müşahidə ediləcək:
“Kommunikasiyaların açılması prosesi də sürətlənəcək. Bu kimi məsələlərin intensivləşməsilə çox keçməz ki, ana Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizin, avtomobil və dəmir yolunun açılmasını müşahidə edəcəyik. Bu mənada Paşinyanın qalib gəlməsi müsbət nəticədir”.
N. Miri bildirdi ki, Köçəryan qalib gəlsəydi, bütün proseslərə Rusiyanın nəzarət edəcəyi təhlükəsi var idi: “Belədə hər an Rusiyanın manipulyasiyaları ilə üz-üz qala bilərdik. Ona görə də əslində indiki vəziyyət daha çox Azərbaycanın maraqlarına uyğundur”.