Paşinyanın seçki öncəsi sülh gedişi: Fürsət, yoxsa risk?backend

Paşinyanın seçki öncəsi sülh gedişi: Fürsət, yoxsa risk?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib ki, hakimiyyətin gündəliyində parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması var.

“Mənim belə bir gündəliyim var. Gəlin, qavrayışlardan danışmayaq. Ötən ilin mart ayında müzakirələr (sülh müqaviləsi layihəsi ilə bağlı) başa çatdığı üçün ötən ilin dekabr, oktyabr və aprel aylarında imzalanma gündəliyə daxil idi. Ona görə də biz işimizi davam etdirəcəyik”, – deyə Paşinyan bildirib.

Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək. Aydın məsələdir ki, sülh sazişi Paşinyan üçün seçkiqabağı siyasi kapitaldır. Yəni o, buna nail ola bilsə hakimiyyətin mövqelərini gücləndirə, revanşist və anti-sülh qüvvələrin ritorikasını zəiflədə bilər. Prinsipcə artıq əldə olunmuş razılaşmalar və konkret addımlar sülh sazişinin imzalanmasını texniki baxımdan mümkün edir.

Bununla belə, risklər də açıqdır.

Paşinyanın seçkidə qalib gəlməsi əvvəlcədən qəti deyil və istənilən siyasi dəyişiklik prosesə təsir göstərə bilər. Tarixi təcrübə göstərir ki, Ermənistanın seçkidən sonra vədlərə sadiqliyi sual altındadır. Konstitusiyada Azərbaycanla bağlı iddiaların qalması isə sazişin hüquqi və siyasi legitimliyini çətinləşdirir. Erməni hakimiyyəti paraflanan layihədə sazişin daxili qanunvericilikdən üstün olacağını əsas gətirərək konstitusiya dəyişmədən imzanın mümkün olduğunu iddia etsə də, bu mexanizm hələ sınaqdan keçirilməyib.

Bu baxımdan, seçki öncəsi sülh sazişi həm strateji fürsət, həm də ehtiyatlılıq tələb edən riskli addımdır

. Paşinyan üçün bu, daxili legitimlik və regional diplomatik üstünlük təmin edə biləcək bir alət, Bakı üçün isə tərəflərin iradəsinin sarsılmaması və hüquqi zəmanətlərin qorunması məsələsini ön plana çıxarır. Sazişin imzalanması regional sülhün perspektivini irəliyə daşıya bilər, amma Ermənistanın daxili siyasət dinamikası və hüquqi çərçivə risklərini diqqətə alaraq addım atmaq zəruridir.

Politoloq Turan Rzayev