Kopenhagen şəhərində keçirilən Avropa siyasi icmasının toplantısında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında “Tramp yolu” layihəsinin müzakirəsi diqqət çəkib.Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun işə düşməsindən əvvəl Azərbaycanla elektrik xətlərinin və qaz kəmərinin tikintisini reallaşdırmaq istəyir.
Bu, Azərbaycanın maraqlarına uyğundurmu?

Siyasi şərhçi İlyas Hüseynov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, adi hallarda belə liderlərarası mühüm dialoqlar gizli saxlanılır, lakin bu dəfə Ermənistanın Baş naziri danışıqların bəzi detallarını ictimaiyyətə açıqlayıb.
““Tramp yolu” boyunca avtomobil dəmir yolu ilə yanaşı elektrik xətləri və qaz kəmərinin də çəkilməsi layihənin önəmini artırır. Bu, ABŞ və digər beynəlxalq investorlar üçün mühüm aspekt hesab edilə bilər”.
Hüseynov əlavə edilən infrastrukturun layihənin həm funksionallığını, həm də cəlbediciliyini artırdığını vurğulayaraq bildirib ki, tam həcmdə istifadəyə verildiyi halda layihə dövlətlər, xalqlar və qlobal miqyasda geosiyasi məqsədlər üçün faydalı olacaqdır.

Siyasi şərhçi Elxan Şahinoğlu isə açıqlamasında bildirib ki, Ermənistan iqtisadi baxımdan nə qədər Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşərsə, bu ölkəmiz və bölgəmiz üçün faydalı olacaq:
“Bu mənada Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər. Ancaq bunun reallaşması üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Əgər Paşinyan elektrik və qaz nəqlini erkən reallaşdırmaq istəyirsə, parlament seçkilərini erkən tarixə təyin etməli və referendum keçirərək Konstitusiyanı dəyişdirməlidir. Bu halda gələn il dəhlizin tikintisi ilə yanaşı qaz xəttinin bərpasının da şahidi ola bilərik. Dəhlizə gəlikdə isə Paşinyan bu məsələni bütövlüklə ABŞ-a yükləyib.”.
E.Şahinoğlu bildirib ki, Paşinyan “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantdan birini seçəcək, ya 49 illik, ya da 99 illik müqavilələri imzalanacaq:
“Hər iki variant dəhlizə ABŞ-nin nəzarətini nəzərdə tutur. ABŞ dəhliz üçün gərəkli olan maliyyənin bir hissəsini ayırıb. Buna baxmayaraq, Paşinyan tikintini 2026-ci ilin ikinci yarısında başalayacağına ümid edir. Tikinitinin hansı tarixdə başlayacağı və sürəti Vaşinqtonun atacağı addımlardan asılı olacaq”.
Aynurə İsmayıl












