Paytaxt sakinlərinin “BakıKart” problemi – “E-manat”da balans artırmaq olacaq?backend

Paytaxt sakinlərinin “BakıKart” problemi – “E-manat”da balans artırmaq olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtobus dayanacaqlarından “BakıKart” terminallarını yığışdırdıqdan sonra sərnişinlər kart balansını artırmaqda çətinliklər çəkir.

Qeyd edək ki, kart balansını “MilliÖn” ödəmə terminalları vasitəsilə artırmaq mümkün olsa da, bir çox dayanacaqların yaxınlığındakı market və digər iaşə obyektlərində “MilliÖn” olmadığı üçün sərnişinlər problem yaşayırlar. Belə ki, əgər yaxınlıqdakı mağazada təkcə “E-manat” ödəmə terminalı varsa, burada “BakıKart” plastik kartına ödənişi həyata keçirmək mümkün deyil. Çünki “E-manat”da belə bir funksiya yoxdur.

Bəs, “E-manat”da bu funksiyanın olması gözlənilirmi?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov ilə əlaqə saxladı.

O bildirdi ki, AYNA sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir:

“Bildiyiniz kimi, “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün tətbiq istifadədədir. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Tətbiq istifadəçilərə QR biletləri yaratmağa və ödənişləri həmin QR biletlə ödəməyə də imkanı verir. Həmçinin “Bakikart.az” saytından onlayn qaydada plastik kartların balansını artırmaq mümkündür.

İctimai nəqliyyatda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem hazırlanır. Bu il bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur.

Hazırda vətəndaşlar ictimai nəqliyyatda ödənişlərini həm mobil tətbiq, həm də “BakıKart” plastik kartları vasitəsilə edə bilirlər. Sərnişinlərimiz hazırda “BakıKart”ın balansını artıra bilməsi üçün daha çox imkanlara sahibdirlər. Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.

“E-manat” özünəxidmət nağd ödəniş terminallarına gəlincə, “BakıKart”ın sözügedən şirkətlə müqaviləsi olmadığından bu aparatla plastik kartların balansını artırmaq mümkün deyil”.

Məsələ ilə bağlı “E-manat”la da əlaqə saxladıq.

“Hazırda mümkün deyil, lakin yaxın gələcəkdə nəzərdə tutulur. Dəqiq tarix barəsində məlumat yoxdur”, – deyə “E-manat”dan bildirildi.