Bakıda çox saylı şirniyyat, qənnadı və tort satışı həyata keçirən şəbəkələr mövcuddur. Hansı ki, bu tort və kulinariya şəbəkələrinin bir çoxunun istehsalatı da var.
NOCOMMENT.az xəbər verir ki, bu günlərdə redaksiyamıza paytaxtda fəaliyyət göstərən belə bir tort istehsalı ilə məşğul olan şəbəkələrin birindən vətəndaş şikayəti daxil olub.
Bento Baku Mini Tort istehsalatı və satışı ilə məşğul olan bu şirniyyat mağazası bazarda özünə məxsus qanunları və qaydaları ilə işini qurub. Vətəndaş bildirir ki, Bento Baku-nun İnstaqram səhifəsi üzərindən tort sifariş vermək istəyib. Bu zaman tort mağazasından vətəndaşa bildirilib ki, bizdə tortlar kq ilə deyil adam başına olan tort hissəsi sayına görə sifariş götürülür. Beləliklə vətəndaşdan 5-6 nəfərilik tort sifarişi götürülür və ödənişi öncədən edilməsi tələb olunur. Ən maraqlı məqamlar isə bundan sonra başlayır. Tort ünvana çatdırılanda çox maraqlı bir mənzərə ilə rastlaşılır. Belə ki, ümumi çəkisi 1 kq-ı keçməyən və dəyəri nə az, nə çox 50 manat olan bu miniatür tortun çox kiçik ölçüsü müştərini şoka salır. Müştəri nə qədər etiraz etsə də, narazılığını bildirsə də, müştərinin fikirlərini nə dinləyən olmur, nə də etirazını qəbul edən. Görünür ölçü meyarları burada fərqlidir.
Bakının bir şox yerində filialı olan bu şirniyyat şəbəkəsi satış zamanı müştəriyə nə qəbz təqdim etmir, nə də ƏDV vermir. Ümumiyyətlə keyfiyyət və xidmətdən narazılıq edən müştərilər həmən bloka atılır.
Ən maraqlısı isə bundan sonra başlayır. Tortun həm xəmirindən, həm də kremindən kəskin qoxu gəlir və xoşagəlməyən qəribə bir tam olur. Lakin, görünür adı Bento Mini Tortlar Baku (bento.baku-instagramda adı belə gedir) olan şirniyyat evi bu kimi şikayətlərlə tez-tez rastlaşdığı üçün vətəndaşların bu kimi şikayətlərinə əhəmiyyət verməyərək məhəl qoymur.
Redaksiyamızın əməkdaşı dəfələrlə şirniyyat şəbəkəsi ilə əlaqə yaradaraq onlardan vətəndaş şikayətinin olduğunu bildirsə də, heç bir reaksiya verilmədi. Daha doğrusu onlara vətəndaş şikayətinin olduğu deyilsə də, əməkdaşımızın profili bloka atıldı.
Ümid edirik ki, QİDA Təhlükəsizliyi Agentliyinin bəlkə də bunların bir çoxundan ya xəbəri yoxdur, ya da burada baş verənlərə nədənsə göz yumur. Buradan aidiyyatı üzrə dövlət qrumlarını Bento Mini Tortlar Baku (bento.baku-instagramda adı belə gedir) şirniyyat və tort şəbəkəsini diqqətdə saxlamağa dəvət edirik.
Müştəri məmnuniyyəti olmayan yerdə nə keyfiyyat ola bilər, nə də halal qazanc. Məsələni diqqətdə saxlayacayıq. Qarşı tərəfin fikrini də dərc etməyə hazırıq.