Paytaxtın bəzi ərazilərində vətəndaşlar qaz təzyiqinin aşağı olmasından şikayətlənirlər.
Havaların soyumasına baxmayaraq, vətəndaşlar qazdan tam istifadə edə bilmədiklərini iddia edirlər. Bu problemə, əsasən, Bakının müxtəlif qəsəbələrində rast gəlinir.
NOCOMMENT.az xəbər verir ki, problemlə bağlı Referans.az Azəriqaz İstehsalat Birliyinə müraciət edib.
Qurumun mətbuat katibi Eldəniz Vəliyev deyib ki, ölkə ərazisində artıq noyabrın 15-dən qış rejiminə keçid elan olunub.
“Azəriqaz istehsalat birliyi gücləndirilmiş iş rejimində işləyir. Qazın təzyiqin normal səviyyədə verilməsi də görülən tədbirlərdən biridir. Ola bilər ki, lokal olaraq ayrı-ayrı yerlərdə təzyiqlə bağlı problemlər yarana bilər. Belə hallar olduqda abonentlər özləri istər sizin vasitənizlə, istər sosial şəbəkələr vasitəsilə, istərsə də 104 çağırı mərkəzinə zəng edərək yaranan problem haqqında məlumat verirlər. Eyni zamanda Azəriqaz istehsalat birliyinin əməkdaşları da bu haqda məlumat aldıqda və ya müşahidə etdikdə dərhal mərkəzə xəbər verilir və həmin ərazidə təzyiqin normallaşması istiqamətində konkret addımlar atılır. Ümumilikdə, qazın təzyiqi ilə bağlı ciddi problemimiz yoxdur, hətta əminliklə deyə bilərəm ki, ötən illərlə müqayisədə Azəriqaz istehsalat birliyinə ünvanlanan müraciətlərin sayından kəskin azalma var. Bu da illərdir boru xətlərinin yenilənməsi, infrastrukturun inkişafına diqqətin artırılması və bu kimi hallar nəticəsidir”.
Bildirilib ki, hər il may ayının 1-dən noyabr ayının 1-nə qədər qış mövsümünə hazırlıq prosesi həyata keçirir.
“Bildiyiniz kimi, bu proses çərçivəsində Azəriqaz istehsalat birliyi yeraltı boru xətlərinin yerüstü dayaqlar üzərinə qaldırılması prosesini icra edir, eyni zamanda korruziyaya uğramış boru xətlərinin yeniləri ilə əvəzlənməsi prosesi həyata keçirilir, boyanma işləri, siyirtmə və şkafların sazlığı, kipliyə davamlılıq məsələri və s. kimi ən mühüm işlər görülür. Burada məqsəd payız-qış mövsümündə abonentlərin ciddi problemlərlə qarşılaşmaması, davamlı və təhlükəsiz mavi yanacaqla təmin olunmasıdır”.