Pensiya alanlara ŞAD XƏBƏR – Bu qədər artırılacaqbackend

Pensiya alanlara ŞAD XƏBƏR – Bu qədər artırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əməkhaqları və pensiyaların artımı ilə bağlı yeni gözləntilər formalaşıb və bu proses sosial rifahın yaxşılaşdırılması baxımından mühüm mərhələ kimi dəyərləndirilir.

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Vüqar Bayramov bildirib ki, 2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artıb, ötən ilin ilk 11 ayında isə bu artım tempi 9.3 faiz təşkil edib. Onun sözlərinə görə, 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım faizi fevral ayının əvvəlində rəsmi elan olunacaq və ilkin gözlənti 9.2 faizlik artımdır ki, bu da avtomatik olaraq pensiyaların indeksləşdirilərək artırılmasını şərtləndirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əməkhaqlarında müşahidə olunan artım dinamikası pensiya sisteminə birbaşa təsir edən əsas faktorlardandır və mövcud rəqəmlər sosial ödənişlərin yüksəldilməsi üçün kifayət qədər real zəmin yaradır.

Onun fikrincə, gözlənilən 9.2 faizlik artım bütün növ əmək pensiyalarına – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alan vətəndaşlara şamil olunması baxımından mühüm sosial əhəmiyyət daşıyır:

“Bu indeksasiya 1 milyon 100 mindən çox vətəndaşı əhatə edəcək və artımların yanvar ayından hesablanması pensiyaçıların real gəlirlərinin qorunması baxımından vacib addımdır.”

Akif Nəsirli qeyd edib ki, inflyasiya amili fonunda pensiyaların indeksləşdirilməsi sosial ədalətin təmin olunmasına xidmət edir və xüsusilə sabit gəlir mənbəyi yalnız pensiya olan təbəqə üçün mühüm rol oynayır:

“2026-cı ildə orta aylıq pensiyanın təxminən 590 manata, yaşa görə orta pensiyanın isə 629 manata çatacağı ilə bağlı proqnozlar dövlətin sosial siyasətində ardıcıllığın qorunduğunu göstərir. 2025-ci illə müqayisədə 7.9 faizdən çox artım real ifadədə pensiyaçıların alıcılıq qabiliyyətinin müəyyən qədər yüksəlməsi deməkdir. Bu, təkcə rəqəmlərin artması yox, eyni zamanda sosial sabitliyin güclənməsi baxımından da önəmlidir.”

Ekspertin fikrincə, qarşıdakı dövrdə pensiya artımlarının davamlı olması üçün əmək bazarında leqallaşmanın dərinləşdirilməsi, rəsmi əməkhaqlarının yüksəldilməsi və sosial sığorta daxilolmalarının artması xüsusi əhəmiyyət kəsb edir:

“Mövcud artımlar qısamüddətli sosial rahatlama yaratsa da, uzunmüddətli perspektivdə pensiyaçıların rifahının dayanıqlı şəkildə yaxşılaşması üçün iqtisadi artımın inklüziv xarakter alması əsas şərt olaraq qalır”.

Tunar