Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən məlumat verilib.
Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.
Dövlətimizin başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.
Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir.
Xatırladaq ki, ümumilikdə bu ilin əvvəlindən həyata keçirilən növbəti sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait ayrılıb və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir.