Son illər Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr getdikcə daha da intensivləşir.
Uzun illər işləməsinə baxmayaraq, aldığı pensiyanın aşağı olmasından narazı qalan vətəndaşların sayı az deyil. Bu narazılıqlar bəzən sıravi işçilərlə məhdudlaşmır, hətta keçmiş yüksək vəzifəli şəxslər və sabiq hakimlər də aşağı pensiya məbləğindən şikayət edirlər. Digər tərəfdən, bəzi hallarda pensiyaların artıq hesablandığı, sonradan geri qaytarılmalı olduğu da ortaya çıxır. Bütün bunlar pensiya hesablanması mexanizminin cəmiyyətdə kifayət qədər aydın olmadığını göstərir.
Xüsusilə 2026-cı ildən etibarən stajın hesablanmasında nəzərdə tutulan dəyişikliklər mövzunu daha актуallaşdırır.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli NOCOMMENT.az-a bildirib ki, hazırda Azərbaycanda yaşa görə əmək pensiyasının hesablanması əsasən toplanmış pensiya kapitalına əsaslanır:
“Qanunvericiliyə görə, şəxsin fərdi hesabında toplanmış sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinə – yəni 144 aya bölünür və aylıq pensiya məbləği bu yolla müəyyən edilir. Bu mexanizm kağız üzərində ədalətli görünsə də, real həyatda insanların əmək fəaliyyəti və gəlirləri ilə tam uzlaşmır.
Pensiya kapitalının formalaşmasında əsas mərhələlərdən biri 2006-cı il yanvarın 1-dək olan dövrə aiddir. Həmin tarixədək hər il üçün 306 manat həcmində pensiya kapitalı hesablanır və bu göstərici sonradan indeksləşdirilir. Daha sonra 2006-cı ildən sonrakı dövrdə rəsmi maaşlardan tutulmuş sosial sığorta haqları bu kapitala əlavə olunur. Nəticədə yaranan ümumi məbləğ pensiyanın əsasını təşkil edir.
Lakin problem ondadır ki, uzun illər qeyri-rəsmi işləyən, maaşını tam şəkildə rəsmiləşdirə bilməyən şəxslərin kapitalı aşağı olur və bu da birbaşa pensiyaya təsir edir.

2019–2025-ci illərdə tətbiq olunan mexanizmə əsasən, avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən, şəxsin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək müəyyən kapitalı varsa, ona avtomatik olaraq 25 il staj yazılırdı. Bu, bir çox insan üçün pensiya hüququnun yaranmasına imkan verirdi. Lakin 2026-cı ildən etibarən bu qayda dəyişir və hər il üçün bir il azaldılacaq. Yəni 2026-cı ildə bu göstərici 24 il, 2027-ci ildə 23 il olacaq.
Bu isə o deməkdir ki, gələcəkdə daha az insana avtomatik şəkildə tələb olunan staj veriləcək. Bu dəyişikliklər xüsusilə kifayət qədər kapital toplaya bilməyən şəxslər üçün əlavə çətinlik yarada bilər. Çünki qanunvericiliyə əsasən, minimum pensiya kapitalı – hazırda 46 080 manat – olmadığı halda, şəxsin pensiya almaq üçün ən azı 25 il stajı olmalıdır.
Yeni qaydalar fonunda bir çox vətəndaş nə kapital, nə də staj baxımından bu tələblərə cavab verməyə bilər. Bu isə sosial gərginliyin artmasına səbəb ola bilər”.
Nəsirlinin fikrincə, sistemin ən zəif tərəflərindən biri keçmişdə mövcud olan qeyri-rəsmi məşğulluğun nəticələrinin bu gün özünü açıq şəkildə göstərməsidir:
“On minlərlə insan illərlə işləsə də, sosial sığorta ödənişləri düzgün aparılmadığı üçün indi aşağı pensiya alır. Dövlət isə bu problemi əsasən texniki qaydalarla həll etməyə çalışır, sosial reallıqları isə kifayət qədər nəzərə almır”.
Keçmiş hakimlərin pensiya təminatı məsələsinə toxunan ekspert bildirir ki, bu sahədə xüsusi güzəştlər mövcuddur:
“15 il hakim işləmiş şəxslərə orta aylıq əməkhaqqının 50 faizi həcmində əlavə təyin olunur, 15 ildən artıq işləyənlər üçün isə bu göstərici maksimum 80 faizə çatır. Bu, bəzi peşə qrupları üçün daha yüksək təminat mexanizminin olduğunu göstərir və sistemdə bərabərlik prinsipinin tam təmin edilmədiyini ortaya qoyur.
Mövcud pensiya modeli uzunmüddətli perspektivdə yenidən nəzərdən keçirilməlidir. Təkcə kapital və staj göstəricilərinə əsaslanan mexanizm sosial ədaləti tam təmin etmir.
Xüsusilə yaşlı nəslin, sovet dövründə və keçid illərində çalışan insanların maraqları daha geniş şəkildə qorunmalıdır. Əks halda, 2026-cı ildən sonra stajın azaldılması ilə bağlı dəyişikliklər minlərlə vətəndaşın pensiya hüququnu risk altına sala bilər”.
Tunar
NOCOMMENT.az













