Azərbaycanda pensiya təyinatı və yenidən hesablanması ilə bağlı zaman-zaman mübahisəli məqamlar ortaya çıxır.
Son olaraq sabiq sənaye və energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimovun pensiya işi ictimailəşib. Məsələnin diqqət çəkən tərəfi ondan ibarətdir ki, uzun müddət ödənilmiş pensiyanın bir hissəsinin sonradan artıq hesablandığı müəyyən edilib və həmin məbləğin geri tutulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.
Məlumata görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan araşdırma zamanı Məcid Kərimovun deputat fəaliyyəti üzrə pensiya hesablamasında texniki uyğunsuzluq aşkar olunub. O, növbədənkənar seçkilər nəticəsində deputat mandatı qazandığı üçün 5 illik tam səlahiyyət müddətini deyil, 4 il 5 ay 16 gün deputat kimi fəaliyyət göstərib. Lakin əvvəlki hesablamada bu fərq nəzərə alınmayıb və ona daha yüksək məbləğdə pensiya ödənilib. Sonradan aparılan təkrar hesablamadan sonra artıq ödənilmiş 4226 manatın pensiyadan tutulması qərara alınıb və məhkəmə bu yanaşmanı qanuni hesab edib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərovun sözlərinə görə, bu cür hallarda pensiya münasibətləri inzibati hüquq sahəsinə aiddir və burada əsas rol dövlət orqanlarının apardığı hesablamalara məxsusdur:
“Əgər pensiya təyin edilərkən və ya hesablanarkən səhv aşkar olunarsa, qanunvericilik həmin səhvin sonradan aradan qaldırılmasına imkan verir. Bu baxımdan, DSMF-nin pensiyanı yenidən hesablaması və artıq ödənilmiş vəsaitin geri tutulması mexanizmi hüquqi prosedur kimi mövcuddur və məhkəmələr də adətən bu prosedurun formal qanunvericiliyə uyğunluğunu əsas götürür”.
Eyni zamanda hüquqşünas qeyd edir ki, deputat fəaliyyətinin müddəti ilə bağlı məsələlər xüsusilə növbədənkənar seçkilər fonunda tez-tez müzakirə olunur:
“Qanunvericilik deputat mandatının başlanma və bitmə tarixlərini əsas götürür və pensiya hesablanarkən faktiki xidmət müddəti ön plana çıxır. Bu səbəbdən, tam beş il deyil, daha qısa müddət fəaliyyət göstərmiş deputatlara pensiya hesablanması zamanı proporsional yanaşma tətbiq oluna bilər.
Hüquqi praktikada oxşar hallar əvvəllər də müşahidə edilib. Müxtəlif sahələrdə çalışan şəxslərin – o cümlədən dövlət qulluqçularının və digər pensiyaçıların pensiyalarının illər sonra yenidən hesablanması və artıq ödənişlərin geri tutulması ilə bağlı məhkəmə işləri mövcuddur.
Bu baxımdan, Məcid Kərimovun işi hüquq sistemində tamamilə yeni bir yanaşma kimi yox, mövcud mexanizmlərin konkret bir nümunəsi kimi qiymətləndirilə bilər. Bu hadisə göstərir ki, pensiya məsələlərində əsas meyar dövlət orqanlarının apardığı rəsmi hesablamalar və onların qanunvericiliyə uyğunluğudur. Məhkəmənin qərarı da məhz bu çərçivədə qəbul olunub”.
Tunar









