Rusiya və ABŞ diplomatik kanallar vasitəsilə Vaşinqton yaxınlığında Rusiya vətəndaşlarının da həlak olduğu təyyarə qəzası ilə bağlı danışıqlar aparır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Başqa ölkənin vətəndaşları ilə bağlı hər hansı insident baş verəndə bu ölkəyə diplomatik kanallar vasitəsilə məlumat verilir. Hazırda belədir, diplomatik kanallar bununla bağlı işləyir. Təəssüf ki, faciə baş verib, Rusiya vətəndaşları var və burada, həqiqətən də diplomatlarımız cəsədlərin çatdırılması və sairlə bağlı rəsmiyyətləri müzakirə edirlər”, – Kreml sözçüsü bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp TASS-ın sualını cavablandırarkən bildirib ki, Vaşinqton Moskvaya təyyarə qəzasında həlak olan rusların cəsədlərinin təhvil verilməsində köməklik göstərəcək.
The Wichita Eagle qəzetinin məlumatına görə, təyyarədə ABŞ-ın yeniyetmə fiqurlu konkisürmə komandasının üzvləri olub. Mənbənin TASS-a verdiyi məlumata görə, təyyarədə Rusiya milli komandasının tərkibində cütlük fiqurlu konkisürmə üzrə dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov və cüt konkisürmə üzrə SSRİ çempionatının bürünc mükafatçısı İnna Volyanskaya da olub.