Pislə daha pis arasında seçim – Devalvasiya olacaq?backend

Pislə daha pis arasında seçim – Devalvasiya olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırmaq qərarına gəlib. Bununla da uçot dərəcəsi 3.75-4 faizə çatdırılıb.

Qeyd edək ki, bu göstərici son 14 ilin ən yüksək səviyyəsi hesab olunur. Gözlənilməz artımın dünya iqtisadiyyatına təsirləri qaçılmaz hesab olunur.

Bəs FED-in son qərarı iqtisadi sferada nələri dəyişdirəcək?

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı modern-ə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda dünya bankları və FED inflyasiya ilə mübarizəni əsas hədəf kimi götürüb.

Onun sözlərinə görə, faiz dərəcələrinin artırılması inflyasiyaya qarşı mübarizə məqsədi daşıyır: “Həm Avrozonada, həm də Amerikada inflyasiya ikirəqəmli həddədir. Konkret desək, inflyasiya 10% civarındadır. Bu, həmin ölkələr üçün 40 ilin ən böyük göstəricisidir. Faiz dərəcələrinin yüksəlməsi həm istehlak, həm də biznes kreditlərinin artmasına, nəhayət, istehlakın aşağı düşməsinə səbəb olur. Bununla da, qiymətlərin tənzimlənməsi nəzərdə tutulur. Əlbəttə, bunun üçün müəyyən vaxt lazımdır”.

Ekspert qeyd edib ki, dünya iqtisadiyyatı hazırda çox pislə pis arasında seçim edir: “İnflyasiya daha ciddi problem kimi dəyərləndirilir. Uçot dərəcəsinin artması isə pis sayılır. Çünki bununla istehsal və istehlak azalır. Eyni zamanda, iqtisadi aktivlik aşağı düşür. Nəticədə, resessiya təhlükəsi yaranır. Bu da əlavə işsizlik, əlavə problemlər yarada bilər. Yəni bu seçim də heç bir müsbət nəticə vermir”.

Uçot dərəcələrinin artması Azərbaycana necə təsir edəcək?

Natiq Cəfərli suala cavabında deyib: “Azərbaycanın iqtisadi modeli, o cümlədən məzənnə rejimi inzibati qaydada tənzimlənir, onun dünya bazarı ilə birbaşa əlaqəsi yoxdur. Azərbaycan Mərkəzi Bankının uçot dərəcələri nə inflyasiyaya, nə də kredit faizlərinə ciddi təsir göstərir. 10 il bundan qabaq Azərbaycanda uçot dərəcəsi 3,75 faiz idi, istehsal kreditləri isə 20-25 faiz civarında idi. 2015-ci il devalivasiyasına görə, uçot dərəcəsi bir qədər artırıldı. Amma yenə də kredit faizləri 20-25 faiz civarında dəyişdi. Bu gün də Azərbaycanda uçot dərəcələri davamlı şəkildə artırılır. Uçot dərəcəsi hazırda 8,75 faizdir. Lakin kredit faizlərində dəyişiklik yoxdur.

Bu, əslində müsbət hal deyil və Mərkəzi Bankın Azərbaycan iqtisadiyyatında yerinin zəif olduğunu göstərir. Bu,eyni zamanda Azərbaycan iqtisadiyyatının institutlaşmamasının göstəricisidir. Məzənnə rejimi inzibati qaydada tənzimlənir. Mərkəzi Bankın və hökumətin qərarı ilə nizamlanır.

Beləliklə, dünya bazarında baş verən proseslər bizim məzənnə rejiminə təsir göstərmir. Məzənnəyə təsir göstərən neft qiymətləridir. Neft qiymətləri isə hələ ki yüksəkdir. Bu gün neft qiymətləri 100 dollar civarındadır. Ortalama neft qiymətləri hələ 100 dollardan da çox olacaq. Deməli, uçot dərəcəsinin artırılmasının manata təzyiqi və təsiri olmayacaq”.

Qeyd edək ki, ötən gün maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirələri zamanı manatın taleyinə aydınlıq gətirib. Nazir devalvasiyanın olmayacağına işarə edərək, manatın məzənnəsinin sabit qalmasına çalışdıqlarını bildirib.

“Biz Maliyyə Nazirliyi olaraq Azərbaycan Mərkəzi Bankı ilə birgə işlər görürük və sabitlik mövzusunda maraqlıyıq”, – deyə nazir dünənki çıxışında vurğulayıb.