Oktyabr ayında planetimizin səmasını kosmosdan gələn xüsusi bir “qonaq” – A6 Lemmon kometası işıqlandıracaq. Bu, həqiqətən də unikal hadisə sayılır, çünki kometa Günəş sistemimizə təxminən hər min ildən bir qayıdır.
NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, A6 Lemmon kometası Yerə sonuncu dəfə VII əsrdə yaxınlaşıb və növbəti dəfə yalnız 3421-ci ildə görünəcək. Alimlər bildirirlər ki, bu kometa Günəş sisteminin ən uzaq nöqtələrindən – Plutonun o tayından gəlir.
Kometanın Yerə maksimal yaxınlaşması 21 oktyabr 2025-ci ildə baş verəcək və məsafə təxminən 90 milyon kilometr olacaq.
Bu səmavi hadisəni Şimal yarımkürəsində daha aydın müşahidə etmək mümkün olacaq. Ən əlverişli müşahidə dövrü 25–28 oktyabr tarixləridir — bu zaman kometa parlaq zirvəsinə çatacaq və üfüqdə nisbətən yüksəkdə olacaq. Oktyabrın sonu – noyabrın əvvəllərində onun parlaqlığı 4-cü ulduz dərəcəsinə qədər artaraq, qısa müddətlik çılpaq gözlə də görünə biləcək, lakin bundan sonra tədricən solacaq.
A6 Lemmon kometası ilk dəfə 3 yanvar 2025-ci ildə “Mount Lemmon Survey” layihəsi çərçivəsində qeydə alınıb. O zaman o qədər solğun olub ki, tədqiqatçılar əvvəlcə onu asteroid hesab etmişdilər. Daha sonra 12 noyabr 2024-cü il tarixli “Pan-STARRS” arxiv şəkillərində kometanın izi tapılıb. Əlavə müşahidələr zamanı onun koma və qısa quyruğa malik olduğu müəyyən edilib və nəticədə obyektə rəsmi olaraq C/2025 A6 (Lemmon) adı verilib.
Bundan öncə alimlər çox nadir xüsusiyyətlərə malik qeyri-adi bir supernova ulduzu da aşkar etmişdilər. Bu kəşf nəhəng ulduzların ölüm prosesi və onların son mərhələdəki davranışı barədə əsas elmi təsəvvürlərin yenidən qiymətləndirilməsinə səbəb olub.













