Polis bölməsində zorakılığa məruz qaldığını deyən ictimai fəalın saxlanıldığı bildirilirbackend

Polis bölməsində zorakılığa məruz qaldığını deyən ictimai fəalın saxlanıldığı bildirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai fəal Möhyəddin Orucovun saxlanıldığı bildirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Abzas Media”ya “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat verib.

Səfərov bildirib ki, ictimai fəal iş yerindən polisə aparılıb:

“Möhyəddin Orucov bundan əvvəl tənqidlərinə görə inzibati qaydada həbs olunmuşdu. Həbsdən çıxandan sonra başına gətirilənlərlə bağlı açıqlama vermişdi. İndi buna görə təqib olunur. Hazırda onun harada saxlanıldığı bəlli deyil, axtarırıq. Bu dəfəki qurama ittiham daha ağır ola bilər”, – hüquq müdafiəçisi bildirib.

İctimai fəalın ailə üzvləri bildirir ki, o, hazırda Bakı Şəhər Baş Polis İdarəsindədir. Anası Təranə Orucova Amerikanın Səsinə müsahibəsində deyib ki, idarədən ona oğlunun narkotik ittihamı ilə həbs olunduğunu deyiblər. Ana oğlunun şərləndiyini bildirir.

Daxili İşlər Nazirliyi (DİN) Möhyəddin Orucovun saxlanılması ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Möhyəddin Orucov oktyabrın 18-də İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə 30 sutka inzibati həbs cəzası almışdı. O, azadlığa çıxdıqdan sonra saxlanılma prosesi ilə bağlı mətbuata açıqlama vermiş, 32-ci polis bölməsində zorakılığa məruz qaldığını bildirmişdi.