Polisdən bu sürücülərlə bağlı mühüm açıqlamabackend

Polisdən bu sürücülərlə bağlı mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürücülərin sükan arxasında yuxulaması ağır qəzalara səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, ötən gün də növbəti belə hadisə baş verib. Belə ki, saat 04:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci km-də 1980-ci il təvəllüdlü Seymur Abı oğlu Abıyevin idarə etdiyi “Ford Transit” markalı, 90-ZX-246 dövlət qeydiyyat nişanlı yük-sərnişin avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 1981-ci il təvəllüdlü Mehman Telman oğlu Güləliyevin idarə etdiyi “Hovo” markalı, 99-RJ-244 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunaraq onunla toqquşub.

Qəza nəticəsində “Ford” markalı nəqliyyat vasitəsində olan sərnişinlər – 1963-cü il təvəllüdlü İradə Balaxan qızı İsmayılova, 1975-ci il təvəllüdlü Əhliqə Ağasəf qızı Aşurova ölüb, 1960-cı il təvəllüdlü Sulduzə Həsən qızı Məhərrəmova xəsarət alaraq xəstəxanaya daxil olub. İlkin məlumata görə, hadisənin baş verməsinə “Ford” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev bildirib ki, son vaxtlar ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri üzrə aparılan araşdırmalar göstərir ki, bir çox qəzalara sürücülərin sükan arxasında yuxulaması səbəb olur:

“Təəssüf ki, sükan arxasına keçən şəxslər bu kimi məqamlara diqqətsizlik etməklə yalnız özlərinin deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq, belə ağır nəticəli yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün bir daha sürücülərdən iş və istirahət rejiminə düzgün əməl etməyi, yorğun, yuxulu, əzgin halda, dərman preparatlarının təsiri altında sükan arxasına əyləşməməyi xahiş edirik. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən də istifadə edə bilərsiniz”.