Polislər deyiblər ki, bu ifadələrə qol çəkməsən, ananı bura gətirəcəyik…backend

Polislər deyiblər ki, bu ifadələrə qol çəkməsən, ananı bura gətirəcəyik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 13-də saxlanılan ictimai fəal Möhyəddin Orucovun anası Suraxanı Rayon Polis İdarəsində oğlunun onunla hədələndiyini iddia edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının sədri Rüfət Səfərov sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, ictimai fəalın anası bu barədə ona telefon zəngi vasitəsilə məlumat verib.

“Az öncə anası Təranə xala mənə zəng etdi. Ana ağlaya-ağlaya söyləyirdi ki, oğlum məhkəmədən çıxanda imkan oldu ki, qısa müddət danışaq. Deyir ki, oğlum mənə bildirdi ki, bəs polislər məni səninlə, yəni anası ilə təhdid ediblər. Deyiblər ki, əgər bu narkotiklə bağlı saxta ifadələrə qol çəkməsən sənin ananı bura gətirəcəyik, bilirik neynəyəcəyik”, – R. Səfərov bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, ictimai fəalın atası da 10 gündür övladından xəbər ala bilmədiyini deyib.

İddialarla bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, M. Orucov dekabrın 13-də saxlanılıb. R. Səfərov onun iş yerindən polisə aparıldığını bildirib.

Qeyd edək ki, Möhyəddin Orucov oktyabrın 18-də İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə 30 sutka inzibati həbs cəzası almışdı. O, azadlığa çıxdıqdan sonra saxlanılma prosesi ilə bağlı mətbuata açıqlama vermiş, 32-ci polis bölməsində zorakılığa məruz qaldığını bildirmişdi.