COP29 tədbiri bildiyimiz kimi, dünyanın bütün dövlətlərinin birləşdiyi BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflərinin konfrasıdır. Və həmin o tədbir təkcə Azərbaycana və yaxud regionumuza aid yox, ümumilikdə, dünyanın, qlobal səviyyədə bəşəriyyətin iqlim problemlərinin müzakirəsi platformasıdır. Düzdür, bu tədbirdən istifadə edib Azərbaycana qarşı siyasi hücum təşkil edənlər oldu, amma bu, uğursuzluğa düçar oldu. Nəticədə, Azərbaycan bütün digər tədbirlər kimi dünyanın ən geniş miqyasa malik və ən mötəbər tədbiri olan iqlim dəyişmələri ilə bağlı çərçivə konvensiyalarının tərəflərinin 29-cu konfransını da uğurla həyata keçirməkdədir.
Bunu NOCOMMENT.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib.
Əslində ötən ilin sonunda bu tədbirə ev sahibliyi etməyimizlə bağlı dünyanın bütün dövlətlərinin yekdil səs çoxluğu ilə razılığı var idi və bu, Azərbaycanın nüfuzundan, gücündən, inkişafından, resurslarından və bu cür tədbirləri həyata keçirə bilmə infrastrukturundan xəbər verir. Baxmayaraq ki, biz ikinci Qarabağ müharibəsindən yenicə çıxmışıq və eyni zamanda nəzərə alaq ki, bu tədbirin Azərbaycanda keçirilməsinə razılığın verilməsi beynəlxalq səviyyədə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsini də gündəmə gətirir, aktuallaşdırır.
Bu baxımdan mən düşünürəm ki, bugün bizim beynəlxalq nüfuzumuzun göstəricilərindən biri də məhz belə mötəbər tədbirlərə uğurla ev sahibliyi etməyimizdir və təbii ki, məhz o amili nəzərə alan bəzi anti-Azərbaycan qüvvələr bizə qarşı hücumlar təşkil etdilər. Amma bütün bunların heç bir ciddi nəticəsi olmadı. Fransa kimi bəzi dövlətlər tədbirin boykot edilməsi ilə bağlı uğursuz cəhdlərindən sonra bir daha anladılar ki, Azərbaycanla güc dilində, zor dilində, diqtə dilində danışmaq mümkün deyil.
Dünyanın 100-ə qədər dövlət və hökumət başçıları, vitse-prezidentləri, baş nazirləri Azərbaycana səfər edib. Bugün də o səfərlər davam edir. 200-ə qədər dövlətin nümayəndə heyətləri tədbirdə iştirak edir. COP29 tədbiri düşünürəm ki, Azərbaycan üçün bundan sonra da beynəlxalq aləmdə nüfuz, imic və güc baxımından önəmli olacaq. Təbii ki, bu həm də qlobal səviyyədə Azərbaycanın ayrı-ayrı dövlətlərlə əlaqələrinin gücləndirilməsi baxımından da önəmli bir addımdır.
Düşünürəm ki, hazırkı tədbirlə bağlı dünya liderlərinin, heç vaxt ölkəmizdə olmayan və ilk dəfə səfər edən dövlət başçılarının bura gəlməsi, onunla yaxından tanış olması gələcəkdə əlaqələrimizin gücləndirilməsinə gətirib çıxaracaq, bütün istiqamətlərdə – siyasi, diplomatik, iqtisadi və s. Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsinə birmənalı şəkildə xidmət edəcək.
Elnur Quliyev