Politoloq: Paşinyanın “qırmızı xətti” keçməsi Azərbaycanı antiterror əməliyyatlarına sövq etdibackend

Politoloq: Paşinyanın “qırmızı xətti” keçməsi Azərbaycanı antiterror əməliyyatlarına sövq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş naziri Nikol Paşinyanın “qırmızı xətti” keçməsi 2023-cü ilin sentyabrında antiterror əməliyyatlarının başlanması üçün son damla oldu”.

NOCOMMENT.az xəbər verir ki, bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq qeyd edib ki, sentyabr ayı ermənilər üçün bədbəxtlik ayı da sayıla bilər: “Qarabağdakı erməni separatçılar məhz bu ayda qanunsuz olaraq “müstəqilliklərini” elan etmişdilər. Elə bədbəxt, səfil günləri də həmin vaxtdan başladı. Beyinlərində canlandırdıqları böyük xəyallar içərisində “xoşbəxt” kimi görünən separatçıların varlığına Azərbaycan Ordusu sentyabr ayında birdəfəlik son qoydu. 2020-ci il sentyabrın 2-də ermənilər Şuşada “müstəqilik bayramı”nı qeyd etdilər, 25 gün sonra ordumuz separatçılara elə bir “dağlarda toy” tutdu ki, qol qaldırıb oynamağa belə peşman oldular. Amma aldıqları zərbədən hələ lazımı səviyyədə nəticə çıxarmamışdılar. 2023-cü il 2 sentyabrda Ermənistanın baş naziri Nikol Paşinyanın separatçılara “müstəqillik təbriki” ünvanlaması Ordumuzu işini tamamlamağa sövq etdi”.

Ramiz Alıyev deyib ki, 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli anlaşmaya əsasən, 2025-ci ilə qədər Qarabağdakı ermənilərin inteqrasiya prosesi başa çatmalı idi: “Azərbaycan dövləti ermənilərə kifayət qədər vaxt vermişdi, fürsət tanımışdı. Amma nə baş verdi? Müharibədə uduzan, kapitulyasiya aktına imza atan Ermənistan xarici qüvvələrin sifarişi və dəstəyi ilə Qarabağdakı erməniləri silahlandırır, onları Azərbaycan dövlətinə qarşı qaldırır, bir sözlə, Qarabağ bölgəsində separatçılığı təşviq edirdi. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən baş nazir Nikol Paşinyan tez-tez “Dağlıq Qarabağ” ərazi vahidindən bəhs edirdi. Bu azmış kimi 2023-cü il sentyabrın 2-də Qarabağ ermənilərini “müstəqillik günü” münasibətilə təbrik etdi. Üçtərəfli razılaşmanı birtərəfli qaydada pozan Paşinyanın bu addımı göstərdi ki, Ermənistan və onun rəhbərliyi sülhdə maraqlı deyil, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Paşinyanın qondarma rejimə təbrik məktubu Azərbaycanın səbir kasasını daşdıran son damla oldu. Çünki 44 günlük müharibənin sonunda tərəflər arasında qeyri-rəsmi razılıq var idi. Hər şey olduğu kimi qalmalı, tərəflər barışdırıcı mövqe sərgiləməli idi. Amma bu razılığı Ermənistan tərəfi dəfələrlə pozdu. Paşinyanın sentyabrın 2-də separatçı rejimə təbrik məktubu göndərdi, sentyabrın 9-da Qarabağda qanunsuz “seçkilər” keçirildi. Mina terroru isə hər gün can alırdı. Qarabağdakı silahlı ermənilər azərbaycanlıların keçdiyi yollara minalar basdırmaqda davam edirdilər və bu minalar Ermənistanda 2020-ci ildən sonra istehsal olunmuşdu. Bizim başqa yolumuz qalmamışdı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu antiterror əməliyyatlarına başladı və 24 saatdan az vaxtda davam edən əməliyyat nəticəsində ermənilər silahlarını yerə qoydu və Qarabağın bütün ərazisi dövlətimizin nəzarətinə keçdi. Azərbaycan terror təhlükəsini və ərazisindəki boz zonanı birdəfəlik silərək, suverenliyini tam təmin etdi”.

Politoloq hesab edir ki, hətta Nikol Paşinyanın sərsəm bəyanatları olmasaydı belə, Azərbaycan suverenliyini təmin edəcəkdi: “Azərbaycan dövlətinin proqramı aydın idi. Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul edib, burada yaşamlarını davam etdirməli, ya da ölkəmizdən çıxmalı idilər. Biz problemin hüquqi müstəvidə həllinin tərəfdarıydıq. Amma yuxarıda qeyd etdiyim ki, Paşinyanın “qırmızı xətti” keçməsi Azərbaycanın antiterror əməliyyatlarına əl atmasına səbəb oldu”.