Polkovnik Zaur Mirzəyevi hansı cəza gözləyir?backend

Polkovnik Zaur Mirzəyevi hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluq tərəfindən aparılan araşdırma zamanı məlum olunub ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.

Onu hansı cəza gözləyir?

NOCOMMENT modern-ə istinadən bildirir ki, qanunvericiliyə uyğun olaraq Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə əsasən, üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, habelə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəyə uyğun olaraq, pornoqrafik materialları və ya əşyaları yayma, reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarətə görə, üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə, həmçinin iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.

309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddə ilə təqsirləndirilən şəxs isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilir.