Son günlərdə Almaniyada “nağd pul tələsi” adlanan yeni dələduzluq üsulu qeydə alınıb. “Nağd pul tələsi” adlandırılan bu üsul dələduzların bankomatlardan vətəndaşların pulunu oğurlamaq üçün tətbiq etdiyi texniki hiylədir. Onlar ATM-lərin pul çıxışı bölməsinə yapışqan material və ya xüsusi plastik örtük yerləşdirərək, vətəndaşın çıxartmaq istədiyi məbləği “tuturlar”. Vətəndaş pul çıxmadığını zənn edib oradan uzaqlaşan kimi isə dələduz pulu gizli örtükdən götürür.
Bu üsul ilk dəfə deyil ki, tətbiq olunur. Daha əvvəl bəzi MDB ölkələrində də buna bənzər hallar qeydə alınıb.
Azərbaycanda da tez-tez müxtəlif üsullarla bank kartlarından edilən oğurluqlara rast gəlinir, ona görə bu üsulunda yayılıb-yayılmayacağı sual və narahatlıq yaradır.
Xüsusi ilə son dövrlər ölkədə banklarla keçirilən müxtəlif əməliyyat və xidmətlərin sayının artması bu narahatlığı başadüşülən edir.
NOCOMMENT.az xəbər verir ki, son illər Azərbaycanda bankomatların sayı sürətlə artır. Həm iri şəhərlərdə, həm də müxtəlif rayonlarda geniş istifadə olunan ATM-lər əhali üçün rahatlıq yaratsa da, dələduzlar üçün də pul “qazanmaq” üçün yeni imkanlar yarada bilər.
Belə olduqda isə ATM-lərlə bağlı xüsusilə aşağıdakı amillər daha çox risklər yarada bilər:
– ATM-lərin az nəzarət olunan ərazilərdə yerləşməsi
– Gecə saatlarında nəzarətsiz qalan cihazlar
– Maaş və pensiya günlərində yaranan uzun növbələr və tələskənlik
– İstifadəçilərin texniki nasazlıqları dələduzluqla səhv salması
Ekspertlər bildirirlər ki, bu cür üsullar texniki olaraq mürəkkəb görünməsə də, sadəlövh və tələsik qərar verən vətəndaşları hədəfə alır.
Maliyyə və təhlükəsizlik sahəsi üzrə ekspertlərin tövsiyələrinə əsasən, ATM-lərdən pul çıxaran vətəndaşlar dələduzların qurbanı olmamaq üçün bir neçə məsələyə xüsusi diqqətlə yanaşmalıdır.
İstifadə etməzdən əvvəl cihazın pul çıxış hissəsində yapışqan səth, plastik örtük və ya normadan kənar dəyişiklik olub-olmadığını yoxlayın. ATM pulu vermədikdə isə onun çıxışında qalması ehtimalını nəzərə alın. Yerindən ayrılmadan dərhal bankın qaynar xətti və ya mühafizə xidmətinə məlumat verin. Əgər kimsə sizi söhbətə cəlb etməyə çalışırsa və ya sizi izlədiyini hiss edirsinizsə, ehtiyatlı olun. Bu, diqqətinizi yayındırmaq üçün edilə bilər. Problem yaşandıqda ATM-nin şəklini çəkin, əməliyyatı təsdiqləyən mesaj və ya qəbzi saxlayın. Bu, sonradan bank qarşısında hüququnuzu qorumağa kömək edəcək.
Ekspertlər deyir ki, bu cür fırıldaqçılığın qarşısını almaq üçün banklar da müxtəlif tədbirlər görməlidir. Çünki belə halların olması və artması müştərilərin həmin banklara olan inamını da azaldır.
Banklar unutmamalıdır ki, onların məsuliyyəti təkcə texniki infrastrukturla məhdudlaşmır, müştərilərin təhlükəsizliyini təmin etmək üçün daha geniş texniki tədbirlər görmək lazımdır. Mütəxəssislər bununla bağlı banklara bir neçə təklif də irəli sürüb.
Onların fikirincə, ATM-lərin günün 24 saatı kamera nəzarəti ilə təmin olunması və görüntülərin mütəmadi yoxlanması, ATM-lərdə texniki baxış intervalının azaldılması və potensial müdaxilələrin avtomatik aşkarlanması, moobil tətbiqlər və SMS vasitəsilə təhlükə xəbərdarlıqları və təlimat mesajlarının göndərilməsi və müştəri şikayətlərinin operativ cavablandırılması üçün xüsusi təlim keçmiş işçi heyətinin ayrılması vacibdir. Bunlara diqqət etməklə banklar özlərini və müştərilərini potensial təhlükədən qoruya bilər.
Unutmayaq ki, texnologiyanın inkişafı ilə paralel olaraq dələduzluq üsulları da “müasirləşir”, şəkil alaraq yeni bir mərhələyə keçir. Hətta “mənə edə bilməzlər deyən insanlar da” çox vaxt bu cür dələduzluğun qurbanına çevrilirlər. Çünki ənənəvi fırıldaqçılıq metodlarının yerini daha texniki və hiyləgər üsullar alır. Çox zaman isə bu cür oğurluq halları sadə üsullarla həyata keçirilir. Ona görə də banklarla bağlı hər hansı bir əməliyyat keçirərkən birinci növbədə müştərilər ayıq-sayıq və ehtiyatlı olmalıdır. Ani diqqətsizliyimiz bizim üçün ağır fəsadlarla nəticələnə bilər.\\Valyuta.az