Prezident Əhmədli yarımstansiyasının açılışında iştirak edibbackend

Prezident Əhmədli yarımstansiyasının açılışında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, “Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstansiyanın idarəetmə binası da inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyev “Əhmədli” yarımstansiyasını işə salıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, müasir avadanlıq və qurğuların quraşdırılması yarımstansiyanın səmərəliliyini və gücünü artırıb. Burada 3 köhnə transformatorun daha yeni transformatorlarla əvəzlənməsi yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240 mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma işləri istehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə – onun fəaliyyəti dayandırılmadan həyata keçirilib.

Ümumilikdə, son iki ildə Prezident İlham Əliyevin tapşırığı ilə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir. Hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu dövrdə 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib.