Prezident vətəndaşlarının sağlamlığını və hüquqlarını qoruyurbackend

Prezident vətəndaşlarının sağlamlığını və hüquqlarını qoruyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nurəddin Mehdiyev: Kürəkçay müqaviləsi ermənilərin Qarabağa olan iddialarını və ümidlərini puça çıxarır. Çünki bu müqavilədə ermənilərdən bəhs olunmur, Qarabağın yeganə sahibləri kimi azərbaycanlılar tanınır.

Nurəddin Mehdiyev

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin televiziya kanallarına müsahibəsində bir çox prinsipial məsələlərə dair qəti mövqeyi ilə bağlı münasibətini bildirmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onlardan 36-sı son müddət ərzində inşa edilib. Bu dövlətimizin koronavirus infeksiyasına qarşı mübarizədə vətəndaşının yanında olmasının daha bir göstəricisidir. Xəstəxanaların belə tez bir zamanda tikilməsi ölkəmizin gücünü nümayiş etdirir.

Bu gün heç bir ölkə özünü sığortalamış hesab edə bilməz. Göründüyü kimi, artıq bir çox ölkələrdə pandemiyanın ikinci dalğası başlayıb və ölü sayı artıb. Lakin Azərbaycanda vəziyyət nəzarət altında saxlanılır. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 min. Azərbaycanda ilk günlərdən qabaqlayıcı tədbirlər görülməsəydi vəziyyət nəzarətdən çıxacaqdı. Alınan tədbirlər nəticəsində yaxın günlərdə laboratoriyaların sayı 44-ə çatacaqdır. Koronavirus infeksiyasına qarşı mübarizədə uğurlardan biri də bu günə qədər 500 mindən çox test aparılmasıdır və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.

Biz hamımız yaxşı bilirik ki, xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır. Vətəndaşlar yaxşı bilməlidirlər ki, Prezidentin atdığı bütün addımlar, tətbiq edilən qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sağlamlığını və hüquqlarını qoruyur.

Azərbaycan dünya ilə həmrəydir. Bu həmrəliyi sözdə yox, əməldə nümayiş etdirir. Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verdi. Humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Bütün bunlar Azərbaycanın dostlarının sayını artırır.

Təqdirəlayiq hal odur ki, pandemiya və ondan qaynaqlanan çətinliklərə baxmayaraq Azərbaycanda heç bir sosial layihə təxirə salınmadı. Prezidentin qeyd etdiyi kimi bu il 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il rekord sayda – 1500 mənzil istifadəyə veriləcək, yirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur.

Prezident İlham Əliyevin fikirincə pandemiya dövründə iqtisadiyyatımız kifayət qədər zərər görsə də, bəzi sahələrdə artım müşahidə olunur. Məsələn kənd təsərrüfatında 3 faizdən çox artım vardır, qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub, neftin qiymətinin aşağı düşməyinə baxmayaraq, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb. Nurəddin Mehdiyevin fikrincə bütün bunlar böhran şəraitində çevik və düzgün idarəetmənin nəticəsidir. Son illər ərzində yaradılmış böyük iqtisadi- maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir.

Prezident düzgün qeyd edir ki, uğurlarımızı şərtləndirən amillərdən biri də kölgə iqtisadiyyatına qarşı aparılan mübarizədir. Bu yüz mindən çox əmək müqaviləsinin imzalanmasına səbəb oldu. Bütün bunlar göstərir ki, islahatların həyata keçirilməsi öz nəticələrini verir və nə qədər düzgün addımdır.

Məlumdur ki, Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Bu Azərbaycana olan böyük etimadın təzahürüdür. Lakin Ermənistan bu təşəbbüsün əleyhinə çıxdı. Halbu ki, Ermənistan rəhbərliyi etiraf edir ki, bu pandemiya ilə bacarmırlar. Özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Prezident İlham Əliyevin fikrincə bu Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir.

Məlumdur ki, Avropada fəaliyyət göstərən erməni lobbisi öz çirkin fəaliyyətləri ilə Ermənistanı tənqidlərdən qoruyur. Halbuki, erməni lobbisnin Avropa siyasətçilərini ən çirkin metodlarla ələ alması korrupsiya predmetidir. Ermənistanda insan haqlarının və demokratiyanın pozulması nədənsə Avropa təşkilatlarının , Avropadakı ayrı ayrı hökumət üzvlərinin diqqətindən qaçır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, erməni lobbisnin çirkin fəaliyyəti Avropada geniş araşdırılmalıdır. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz və belə ölkəni müdafiə etmək Avropa ölkələrinə başucalığı gətirmir.

Ermənistanın əsl faşist mahiyyətinin ifşa olunduğunu bildirən Prezident İlham Əliyev ermənilərin soyqırıma məruz qalmadığını , əksinə Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım həyata keçirməsini vurğuladı.

Prezident Ermənistanın müstəqillik tarixinin rüsvayçılıq tarixi olduğunu söylədi və bunu faktlarla əsaslandırdı: “Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi”. Ermənistanda insan haqları kobudcasına pozulması, jurnalistlər həbs olunması, siyasi opponentlərin təqib edilməsi, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığının götürülməsi indi bu ölkədə diktaturanın mövcudluğundan xəbər verir. İlham Əliyev obyektiv olaraq qey edir ki, beynəlxalq təşkilatlar , ATƏT, Avropa Şurası Ermənistanda baş alıb gedən qanunsuzluqlara göz yumur , qanunsuz keçirilən seçkilərlə bağlı susur və saxtakarlığa yol verir. Bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilatlar tərəfindən verilən qərarlar siyasi xarakter daşıyır və siyasi sifarişdir. Özünü ləyaqətli aparan, ayaqda möhkəm duran və özünə qarşı hörmət tələb edən Azərbaycan kimi ölkələrə isə insan haqları, demokratiya pərdəsi altında hücum təşkil edilir.

Dünya bilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Lakin münaqişə uzanır. Prezident İlham Əliyev heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini vurğuladı. Prezident maraqlı məqama toxunub: “Münhen Təhlükəsizlik Konfransında çıxışından sonar Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər”. Nurəddin Mehdiyevin fikrincə Kürəkçay çayı yaxınlığında, miladın 1805-ci ilinin mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov arasında bağlanan Kürəkçay müqaviləsi ermənilərin Qarabağa olan iddialarını və ümidlərini puça çıxarır. Çünki bu müqavilədə ermənilərdən bəhs olunmur, Qarabağın yeganə sahibləri kimi azərbaycanlılar tanınır.

ATƏT Minsk Qrupunun fəaliyyətini tənqid edən İlham Əliyev bildirdi ki, ATƏT MQ özünü BMT-nin Nizamnaməsindən üstün hesab etməməlidir. Ermənistanın bütün qanunsuz hərəkətlərinə, destruktiv mövqeyinə ciddi reaksiya verməlidir. Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil.