Prezidentin işdən çıxardığı hakimlər kimlərdir? – DOSYEbackend

Prezidentin işdən çıxardığı hakimlər kimlərdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, sərəncama əsasən 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Bunlar aşağıdakı şəxslərdir.

Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.

İşdən çıxarılan Bağırov Məhəmməd Abduləli oğlu 1961-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1991-1992-ci illərdə Ağcabədi rayonu M.P.Vaqif adına kolxozda hüquqşünas, 1992-2008-ci illərdə Ağcabədi rayonu Mİ qrupunda böyük məhkəmə icraçısı, 2008-2011- illərdə isə Laçın Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.

Məhəmməd  Bağırov daha sonra 2011-2013-cü illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi,  2013-2017-ci illərdə isə Füzuli Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb. 2017-ci ildən indiyə kimi Füzuli Rayon Məhkəməsinin sədri idi.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əmirxanova Kəmalə Fərman qızı da vəzifədən azad edilib. 1965-ci il təvəllüdlü K.Əmirxanova 1987-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1987-1989-cu illərdə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert, baş ekspert, 1993-1994-cü illərdə Baş Prokurorluqda Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin cinayət işləri üzrə şöbəsinin prokuroru, 1994-2000-ci illərdə Baş Prokurorluqda Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb.

O, 2000-2008-ci illərdə Baş Prokurorluqda Hüquqi təminat şöbəsinin prokuroru, 2008-2013-cü illərdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi, 2013-cü ildən indiyə qədər isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifələrini daşıyıb.

Tovuz Rayon Məhkəməsinin hakimi də vəzifəsindən azad olunanlar sırasındadır. Mustafayev Nofəl Qara oğlu 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998-2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001-2004-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı vəzifələrində çalışıb.

Nofəl Mustafayev 2004-2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005-2010-cu illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi, 2010-cu ildən indiyə qədər Tovuz Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.

modern.az