Donald Trampın ilk administrasiyası dövründə onun milli təhlükəsizlik üzrə müşaviri olmuş Con Boltona qarşı məxfi məlumatlarla yanlış davrandığına görə 18 maddə üzrə federal ittiham iəli sürülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fox News ittiham aktına istinadən məlumat yayıb.
İttiham aktına əsasən, səkkiz maddə milli müdafiə məlumatlarının qanunsuz ötürülməsi, digər 10 maddə isə onun qanunsuz saxlanması ilə bağlıdır.
İttihama görə, Bolton 2018-ci ilin aprelindən 2025-ci ilin avqust ayına qədər “vəzifəsindən sui-istifadə edərək” rəsmi fəaliyyətinə dair 1100 səhifədən çox məlumatı, o cümlədən “Tamamilə məxfi” məlumatları müvafiq təhlükəsizlik icazəsi olmayan iki şəxsə ötürüb. Bundan başqa, o, həmin sənədləri və qeydləri Merilend ştatının Montqomeri qraflığındaki evində qanunsuz olaraq saxlayıb. Federal Təhlükəsizlik Bürosu (FTB) 22 avqust 2025-ci ildə məhz həmin evdə axtarış aparıb.
İstintaqın iddiasına görə, məlumatların miqyası və həssaslığı heyrətamizdir. Həmin sənədlərə o cümlədən düşmən qruplarının qarşıdan gələn hücumları haqqında kəşfiyyat, ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edən əlaqələr, xarici düşmənin raket atmaq planları, ABŞ və tərəfdaş ölkələrin məxfi əməliyyatlarının təfərrüatları, eləcə də məxfi kəşfiyyat mənbələri və toplama üsulları, düşmənin ABŞ-nin planlaşdırdığı hərəkətlərdən xəbərdar olması haqqında məlumatlar daxildir.
“FTB-nin araşdırması göstərdi ki, Con Bolton şəxsi onlayn hesablarından istifadə edərək yüksək məxfi məlumat ötürüb və həmin sənədləri öz evində saxlayıb, bu isə federal qanunvericiliyin birbaşa pozulmasıdır”, – FTB-nin direktoru Kəş Patel deyib.
O, qeyd edib ki, milli təhlükəsizliyi təhdid edən hər kəsi məsuliyyətə cəlb etmək üçün büronu heç nə dayandıra bilməz.
Qeyd edək ki, Boltonla bağlı təhqiqat bir neçə il əvvəl başlayıb, lakin adı açıqlanmayan yüksək rütbəli amerikalı məmurun sözlərinə görə, Bayden administrasiyası tərəfindən “siyasi səbəblərə görə” dayandırılıb.
Xatırladaq ki, Bolton 2018-ci ildən 2019-cu ilə kimi Trampın ilk administrasiyası dövründə Ağ Evdə milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışıb. Tramp onu “güclü fikir ayrılıqlarına” görə komandasından uzaqlaşdırıb.
Bolton 2022-ci ildə Trampı məxfi sənədlərlə səhv davrandığına görə kəskin tənqid etmişdi. Bu isə FTB-nin Trampın Mar-a-Laqo mülkünə basqın etməsinə gətirib çıxarmışdı.
O zaman Trampın mülkündən 300-dən çox “məxfi”, o cümlədən “tam məxfi” qrifli sənədlər müsadirə olunmuşdu. Bundan sonra Trampa qarşı 40 maddə üzrə ittiham irəli sürülmüşdü, lakin 2024-cü ilin iyulunda bu işə xitam verildi.
Bolton dəfələrlə bəyan edib ki, Tramp “prezident olmaq üçün səriştə və xarakterə malik deyil”.
Bundan əlavə, Trampın ilk prezidentlik dövründə Ədliyyə Nazirliyi Boltonun 2020-ci ildə “Bunun baş verdiyi otaq” adlı memuarının dərc olunmasının qarşısını almağa çalışmışdı. Nazirlik iddia etmişdi ki, kitabda məxfi materiallar mövcuddur. Lakin federal hakim kitabın nəşrinə icazə verdi, Bayden administrasiyası isə 2021-ci ildə Boltona qarşı cinayət təhqiqatını dayandırdı
Həmin kitabda Tramp administrasiyası haqqında kəskin ifadələr yer alıb. Bundan başqa, iddia olunub ki, Tramp yenidən seçilməsinə yardımı üçün bir dəfə Çin sədri Si Cinpinə “yalvarıb”.
Xatirə SADİQ