Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb – seçim meyarı nə olub?backend

Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb – seçim meyarı nə olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 41 QHT-nin sədri ilə görüş keçirib.

NOCOMMENT.az xəbər verir ki, Prezidentin köməkçisi ilə görüşə ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən QHT-lər cəlb edilib.

Şuradan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, QHT-hökumət dialoqu çərçivəsində təşkil edilən 4-cü görüş ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarladır. Bu sahəni əhatə edən mövzular şuranın hər il elan etdiyi qrant müsabiqəsində xüsusi çəkiyə malikdir və indiyədək yüzlərlə QHT dövlətin maliyyə dəstəyindən faydalanıb. Azay Quliyev Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı verdiyi tapşırıqlar sırasında su ehtiyatlarının qiymətləndirilməsinin də olduğunu nəzərə alaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin sudan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşünün xüsusi önəm daşıdığını deyib.

Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü görüşün əhəmiyyətinə toxunaraq ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən QHT rəhbərlərinin prioritet hesab etdiyi fikir və ideyalarını dinləmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək istədiyini bildirib. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bir sıra milli parklar yaradılıb, yeni meşə zolaqları salınıb, Bakının və Abşeronun ekoloji vəziyyətində müsbət yeniliklər baş verib, əhalinin içməli su ilə təchizatı, ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunmasına diqqət artırılıb, eyni zamanda, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər uğurla həyata keçirilib.

Hökumətin ekologiya və su təsərrüfatı sahəsində fəaliyyət göstərən QHT-lərlə yaxından əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Hikmət Hacıyev xüsusi olaraq vurğulayıb ki, 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunan onlayn müşavirədə Prezident İlham Əliyev ictimai nəzarətin həyata keçirilməsində QHT-ləri fəal olmağa çağırıb: “Cənab Prezident bildirdi ki, su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu prosesə qeyri-hökumət təşkilatları cəlb edilməlidir. Dövlət qurumlarının görə bilmədiyi məsələləri onlar diqqətə çatdıracaqlar. Prezidentin bu çağırışı hesab edirəm ki, QHT-lərin fəaliyyəti üçün böyük stimuldur”.

Prezidentin köməkçisi Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm töhfələr verdiyini vurğulayıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi ölkəmizin ekoloji durumuna çox müsbət təsir göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Hikmət Hacıyev müxtəlif QHT-lərin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi layihələrin, xüsusilə maarifçilik işləri insanların ətraf mühitə münasibətini müsbətə doğru xeyli dəyişdiyini qeyd edib.

Prezidentin köməkçisi region üçün ciddi təhlükə mənbəyinə çevrilən “Metsamor” AES-dən Ermənistanın həm də radioaktiv maddələrin qaçaqmalçılığı üçün istifadə etdiyini bildirib. O, ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini “Çernobıl” Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən “Metsamor” AES-in yaratdığı təhlükəyə yönəltməyə çağırıb.

Hikmət Hacıyev Ermənistanın ölkəmizə qarşı ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti apardığını və Avropa Şurası Parlament Assambleyasının 2016-cı ildə “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında xüsusi qətnamə qəbul etdiyini deyib. O, Ermənistanın işğal etdiyi ərazimizdə yerləşən Sərsəng su anbarından Azərbaycan vətəndaşlarının su təminatının, kənd təsərrüfatı fəaliyyətinin pozulması, ərazinin biomüxtəlifliyinin məhv olması kimi zərərli və təhlükəli məqsədlər üçün istifadə etdiyini qeyd edib.

Daha sonra Hikmət Hacıyev bildirib ki, Azərbaycan əhalisinin sağlamlığının qorunması üçün görülən işlərə və bu sahədə yaradılan müasir infrastruktura görə də seçilir. COVID-19 pandemiyası ilə mübarizədə hökumətin gördüyü təsirli tədbirlər öz nəticəsini verdi və biz pandemiyanı tam nəzarətdə saxlamağa nail olduq. Pandemiya ilə mübarizədə, maarifləndirmə işlərində və ümummilli həmrəyliyin təmin olunmasında QHT-lərin fəal iştirakı təqdir olunur və bu fəallıq bundan sonra da davam etdirilməlidir.

 

QHT rəhbərləri çıxışlarında yenicə başlayan QHT-hökumət dialoquna və bugünkü görüşə görə Hikmət Hacıyevə təşəkkürlərini çatdırıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət və problemlərin həlli yolu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərin irəli sürdüyü təkliflərin araşıdırılacağını və əsaslandırılmış hissəsinin nəzərə alınacağını, o cümlədən dövlət qurumları ilə QHT-lərin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi məqsədilə müvafiq addımların atılacağını qeyd edib.

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.