Azərbaycan və Serbiya arasında müxtəlif sahələri əhatə edən sənədlərin mübadiləsi mərasimi baş tutub.
Rəsmi görüş çərçivəsində imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bəyan ediblər.
İmzalanan sənədlər Azərbaycan və Serbiya arasında münasibətləri necə gücləndirəcək?
Bu əməkdaşlıq iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstəyinə necə təsir edə bilər?
Bu sənədlər iki ölkə arasında hansı yeni sahələrdə əməkdaşlığa yol aça bilər?
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri tərəflər arasında münasibətlərin dinamik inkişafının göstəricisidir:
“Məhz Münhen Təhlükəsizlik Konfransından sonra Prezident İlham Əliyevin Serbiyaya səfər etməsi təsadüfi deyil. Bu, Azərbaycanın paralel və çoxşaxəli xarici siyasət kursunun tərkib hissəsidir. İki ölkə arasında mühüm sənədlər imzalandı və bu sənədlər münasibətlərin strateji müstəviyə keçdiyini bir daha təsdiqlədi.
Azərbaycan Balkanlar regionunda mövqeyini gücləndirir, Serbiya isə Cənubi Qafqazda etibarlı tərəfdaş qazanır. Bu, qarşılıqlı siyasi dəstəyin daha sistemli xarakter almasına gətirib çıxaracaq. Xüsusilə beynəlxalq təşkilatlarda – BMT, Qoşulmama Hərəkatı və digər platformalarda tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeləri dəstəkləməsi daha da möhkəmlənəcək.
Eyni zamanda iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Enerji təhlükəsizliyi məsələsi burada əsas istiqamətlərdən biridir. Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır və Serbiya bu əməkdaşlıqdan faydalanan ölkələrdən biri ola bilər. Bununla yanaşı, nəqliyyat-logistika, müdafiə sənayesi, kənd təsərrüfatı və investisiya sahələrində də yeni layihələrin reallaşdırılması mümkündür.
Humanitar və mədəni əlaqələrin genişlənməsi isə münasibətlərin sosial bazasını gücləndirəcək. Təhsil mübadilələri, birgə forumlar və biznes platformaları iki ölkə arasında uzunmüddətli və dayanıqlı tərəfdaşlığın formalaşmasına xidmət edəcək”.
Atilla Rzasoy









