Priqojinin gizli və təmtəraqsız DƏFNİbackend

Priqojinin gizli və təmtəraqsız DƏFNİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çoxları təyyarə qəzası adı altında qətlə yetirilən “Vaqner” başçısı Yevgeni Priqojinin dəfninin ciddi ajiotaja, hətta kütləvi etiraz aksiyasına çevriləcəyini güman etsə də, mərasim demək olar ki, gizli və tamamilə səssiz şəkildə həyata keçirildi.

Hüquq-mühafizə və xüsusi xidmət orqanları Kremlin bununla bağlı tapşırıqlarını qüsursuz həyata keçirdilər…

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə Priqojinin dəfninin maraqlı təfərrüatları dərc edilib. “Dojd” telekanalının yaydığı məlumata görə, Priqojin dünən təxminən saat 16 radələrində Sankt-Peterburqdakı Poroxovskoye qəbristanlığında atasının məzarının yanında dəfn olunub.

Hansı ki, bu qəbristanlığın adı dəfndən əvvəl adı hallanan qəbristanlıqların arasında yox idi. Xəbərdə deyilir ki, dəfnindən bir gün əvvəl Priqojinin hələ həyatda olan anası onun qəbrinin atasının yanında qazılmasını istəyib.

“BBC” isə xəbər verib ki, Priqojinin dəfni cəmi 20-30 nəfərin iştirakı ilə keçib. Onun “Rusiya qəhrəmanı” fəxri adına və çoxsaylı dövlət mükafatlarına layiq görülməsinə baxmayaraq, buna uyğun heç bir təmtəraqlı tədbir görülməyib.Dəfndə yalnız Priqojinin ailə üzvləri və çox yaxın adamları iştirak ediblər.

Qəbristanlıq administrasiyasından bildiriblər ki, mərasimə qatılanlar arasında hərbi forma daşıyan kimsə olmayıb. Əvəzində dəfndən əvvəl və dəfndən sonrakı gecə səhərədək xüsusi xidmət və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də “Rosqvardiya”nın bir neçə avtobusu ərazidə növbə çəkiblər.

Beləliklə, cəmi iki ay öncə bütün dünyaya səs salan, dünyanın ən böyük əraziyə malik ölkəsini lərzəyə gətirən, bütünlükdə Rusiya rəhbərliyini, Vladimir Putin başda olmaqla Moskvadan qaçmağa vadar edən Yevgeni Priqojin ötən gün səssiz-səmirsiz, təmtəraqsız, urvatsız şəkildə gözdən uzaq qəbristanlıqların birində torpağa gömüldü.

Bununla da ona qiyamdan vaz keçməsinin qarşılığında təhlükəsiz həyat, gələcək vəd edən Putin Priqojinin qarşısında öz vədini və “son borcunu” yerinə yetirmiş oldu…